Siyasət Özəl

"Rusiya-Azərbaycan münasibətləri hazırda çox həssas dönəmdən keçir"

Rusiya-Azərbaycan münasibətləri hazırda çox həssas dönəmdən keçir

“Azərbaycanın Baş Prokurorluğunun üç Rusiya vətəndaşına qarşı səsləndirdiyi rəsmi ittihamlar çox ağır mətləblərdən xəbər verir. Burada söhbət Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsindən, daxili işlərinə müdaxilədən, ölkənin suverenliyinə qəsddən, milli birliyin pozulmasından və s. kimi dövlətin konstitusiya əsaslarının sarsıdılmasına yönəlmiş əməllərdən gedir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.

Onun sözlərinə görə, aydın məsələdir ki, Rusiya vətəndaşlarının bu yöndəki fəaliyyəti iki ölkə arasındakı münasibətlərə, ən azı kağız üzərində olan münasibətlərə qətiyyən uyğun gəlmir:

“Çünki kağız üzərində olsa da, Azərbaycanla Rusiya strateji tərəfdaşdırlar, müttəfiqdirlər. Belə bir şəraitdə nüfuzlu televiziya kanalında bu şəxslərin Azərbaycana qarşı müəyyən iddialar səsləndirməsi ən azı dövlətlərarası münasibətlərin indiki səviyyəsinə uyğun deyil. Buna görə də bu vəziyyətdə Rusiyanın hakimiyyət orqanları Azərbaycanın müvafiq dövlət orqanları ilə lazımi səviyyədə əməkdaşlıq etməlidirlər. Yəni həm şəxslərin istintaqa cəlb olunması, dindirilməsi, ifadələrinin alınması yönündə Azərbaycanın hüquq-mühafizə orqanları ilə lazımi səviyyədə əməkdaşlıq etmək indiki şəraitdə Rusiya dövlətinin borcudur. Əlbəttə, konkret nəticələrlə bağlı bir söz demək çətindir.

Aydın Quliyev söyləyib ki, ittihamda irəli sürülən mahiyyətin təsdiqlənməsi üçün mütləq şəkildə həmin şəxslərin taleyi ilə bağlı Rusiya hakimiyyəti Azərbaycanla lazımi səviyyədə əməkdaşlıq etməlidir:

“Əgər belə bir əməkdaşlıq olmasa, bu, belə qənaətə gəlməyə əsas verəcək ki, həmin şəxslərin Azərbaycana qarşı məlum istiqamətdə fəaliyyəti Rusiyanın müəyyən rəsmi dairələri tərəfindən idarə olunur. Ən azı bu cür şübhələrin meydana gəlməməsi üçün Rusiyanın hakimiyyət orqanları Azərbaycanla sona qədər səmimi və sağlam əməkdaşlıq etməlidirlər. Həm də Rusiya-Azərbaycan münasibətləri hazırda çox həssas dönəmdən keçir. Rusiyada Azərbaycanın diaspor rəhbərlərinə qarşı hüquq müstəvisində müəyyən addımlar atılır. Hətta azərbaycanlıların Rusiyada müxtəlif səviyyələrdə təqib olunduqlarına və təzyiqə məruz qaldıqlarına dair faktlar var. Belə həssas dönəmdə bu cinayət işinin obyektiv və sona qədər hərtərəfli araşdırılması ancaq işin faydasına ola bilər. Bununla bağlı istintaq araşdırmasının bu yöndə getməsi isə indi daha çox Rusiya tərəfindən asılıdır”.

Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğu üç Rusiya vətəndaşı - jurnalist İvan Knyazev, siyasi texnoloq və media eksperti Semyon Uralov və politoloq, hərbi-media texnoloqu Aleksey Çadayev barəsində cinayət işi üzrə istintaq aparıldığını açıqlayıb. İstintaqın materiallarına əsasən, həmin şəxslər barəsində konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Baş Prokurorluğun məlumatına görə, istintaq zamanı Rusiya Federasiyasının vətəndaşları - "Moskva 24" telekanalının aparıcısı, jurnalist İvan Knyazev, Rusiyada siyasi məsləhətçi və media eksperti kimi fəaliyyət göstərən Semyon Uralov, həmçinin televiziya jurnalisti və müxbiri, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Azərbaycan Respublikasının baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqlarından barələrində axtarış elan edilib və məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Fidan Hacızadə

D
demokrat.az