Rusiyanın media məkanında yenidən anti-Azərbaycan isteriyası baş qaldırıb.
Bu dəfə rus propaqandası "Moskva 24" telekanalında və onun efirindəki "Чистота понимания (Qavramın təmizliyi)" verilişində postsovet məkanında baş verənləri müzakirə edərkən Azərbaycanı və onun rəhbərliyini hədəf alaraq ölkəmizə qarşı qeyri-adekvat, zorakı addımlar atmağa, elitaya qarşı terror və sui-qəsdlər həyata keçirməyə çağırışlar edib.
Rus aparıcı İvan Knyazevin və onun qonaqları - politoloq Semyon Uralovun, Rusiya nəqliyyat nazirinin müşaviri, logistika üzrə ekspert Aleksey Çadayevin efirdən səsləndirdikləri sərsəm, siyasi əxlaqsızlığın ən pis formasını özündə əks etdirən, ayıq və ağlı başında şəxs üçün qəbulolunmaz hesab ediləcək bəyanatlar internetin Azərbaycan seqmentində kəskin reaksiya doğurdu. Məsələyə dərhal reaksiya verən hüquq-mühafizə orqanları verilişi incələyərək faktla bağlı cinayət işi açdılar.
Hazırda Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirir.
Prokurorluğun araşdırmaları zamanı müəyyən edilib ki, yuxarıda adları çəkilən Rusiya Federasiyası vətəndaşları - "Moskva 24" telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi çıxış edən Uralov Semyon Sergeyeviç və Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri, KİV-lərdə logistika üzrə ekspert kimi müxtəlif məsələlərə şərhlər verən Çadayev Aleksey Aleksandroviç 14 iyul 2026-cı il tarixdə "YouTube" video platformasında Semyon Uralovun kanalında yayımlanan "Чистота понимания (Qavramın təmizliyi)" verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
Bundan başqa, adı çəkilən media təxribatçıları 13 avqust 2026-cı il tarixdə, Semyon Uralovun qeyd olunan "YouTube" kanalda yayımlanan növbəti verilişdə Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki olaraq məhv edilmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar etmişlər.
"İyrənc üçlük" Rusiyanı dünya xəritəsindən birdəfəlik silinən Sovet imperiyasının "tamhüquqlu varisi" kimi qələmə verərək keçmiş ittifaq respublikalarını Kremlin nüfuz dairəsi elan edib. Bu əlbəttə ki, keçmişdə müstəqillikləri və torpaqları Rusiya tərəfindən qəsb olunan, indi azadlıqlarına qovuşmuş xalqlara qarşı açıq şəkildə təhqir və təhdiddir. Bildiyimiz kimi belə aqressiv niyyətlər ancaq əks-təsir doğurur və özünümüdafia instinkti işə düşür. Buna görə də müstəqil Azərbaycanın səlahiyyətli orqanları məsələyə adekvat cavabı verdilər.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
İndi isə gələk bu isteriyanın rus KİV-lərində baş qaldırmasının əsas səbəblərinə:
AZAL-ın sərnişin təyyarəsinin Rusiya hava məkanında Rusiya HHQ tərəfindən vurulmasından sonra gərginləşən ikitərəfli münasibətlər, Moskvanın məsələyə "lovğa və bivec" yanaşması səbəbindən hələ də gərgin olaraq qalırdı. Kremlin bu insidentin üstünü örtmək, hadisəni malalmaq cəhdləri rəsmi Bakının ən yüksək səviyyədə bu işin üstündə ciddi dayanmasının nəticəsində baş tutmadı. Əksər qonşu dövlətlərlə əmr, göstəriş dili ilə danışmağa vərdiş etmiş Rusiya rəhbərliyinin dişi bu dəfə möhkəm qayaya saplanmış, "aqressiv və vahiməli imici" bu hadisədən sonra çox ciddi zədə almışdı.
Baş verənlərin fonunda, Azərbaycan rəhbərliyinin göstərdiyi ciddi siyasi iradə və Bakının qlobal və regional müstəvidə öz maraqlarına uyğun və müstəqil oyun qurması isə, xüsusən də Ukrayna ilə əlaqələrdə, Kremli tam olaraq özündən çıxardı. Sonrakı hadisələr, RF rəhbərliyinin, onun hüquq-mühafizə orqanlarının onilliklərdir Rusiyada yaşayan, bu ölkəyə öz fəaliyyətləri ilə xeyir verən azərbaycanlı ictimai xadimlərə, iş adamlarına və diaspor təşkilatları rəhbərlərinə qarşı qanunsuz repressiya həyata keçirməsinə gətirib çıxardı. Bir neçə azərbaycanlı diaspor sədri, iş adamı və ictimaiyyətin tanıdığı şəxs Rusiyada həbs olunaraq ya şər-böhtanla həbsə məhkum edildilər, ya da Rusiya vətəndaşlıqları ləğv edilərək ölkədən əsassız olaraq deportasiya edildilər.
Münasibətlərin bir az daha gərginləşməsinə son keçirilən Qlobal Şuşa Forumundakı proseslər səbəb oldu. Forumda bütün ölkələrdən nümayəndələr, jurnalistlər olsa da, Rusiyanın özünün belə nümayəndələrinin iştirakına, prezidentə sual verməsinə heç bir maneə yaradılmadığına baxmayaraq, Ukrayna tərəfinin nümayəndələrinin İlham Əliyevə sualları və prezidentin onlara səmimi cavabı yenə internetin rusdilli seqmentində isteriyaya səbəb oldu. Ayrı-ayrı, Kremlin alt strukturları tərəfindən idarə olunan saytlar, sosial şəbəkə səhifələri, populyar videoplatformalardakı müxtəlif müəllif kanalları Kiyevlə Bakının sıx əlaqələrini əsas götürərək, erməni mövzusundan da manipulyasiya edərək, Azərbaycana qarşı "qara propaqanda" kampaniyası başladılar. Şəbəkədə açılan geniş müzakirələrdə tutduqları strategiyanın açıq şəkildə iflasa uğramasından sonra, Moskva məsələni daxili gündəliyinə daşıdı.
Vəziyyəti gərginləşdirən digər hadisə isə Ukraynanın keçmiş prezidenti Yuşenkonun və Ukraynanın İrpen şəhərinin merinin Bakıya səfəri oldu. Hər iki ukraynalı qonaq prezident Əliyev tərəfindən qəbul edildi. Görüşlərdə ikitərəfli əlaqələr, Azərbaycan-Ukrayna münasibətlərinin dərin kökləri müzakirə edilib və perspektivlərdən danışılıb. İrpen meri İlham Əliyevə müharibə zamanı Rusiyanın hücumlarından və bombardımanlarından ən çox zərər görmüş şəhərlərdən birinin "Fəxri vətəndaşlığını" təqdim edib.
Kremldə hesab edirlər ki, heç bir postsovet respublikası Ukraynanı müdafiə edə bilməz, onunla yaxın əlaqə qura bilməz. Doğrudan da Rusiyanı ağılla və məntiqlə başa düşmək mümkün deyil...
Ukraynaya qarşı aqressiya fonunda Kreml propaqandasının iflası
Rusiyanın propaqandaya, Kremlə yaxın media-holdinqlərin çoxsaylı media strukturlarına hər il xərclədiyi məbləğ bir zamanlar bütün dünya media ekspertlərinin ən çox müzakirə elədikləri mövzu idi. Hətta Obama dövrünün dövlət katibi Con Kerri ABŞ hakimiyyətinə səslənərək Kreml propaqandasını misal gətirmiş, Putin mediasının qlobal informasiya məkanında Qərbə qalib gəldiyini etiraf etmişdi. Rusiyanın 2022-ci ildə Ukraynaya soxulmasından sonra isə beynəlxalq ictimai rəy Rusiyanın əleyhinə dönməyə başladı. Kreml propaqandasının aqressiv təbliğatı artdıqca ətraf dövlətlər rus efirlərindən süzülən iyrənc, cəfəng fikirlərin, feyk, həqiqətə uyğun olmayan, xalqların tarixini və mədəniyyətini hədəf alan kontentlərin öz informasiya məkanına sızmasının qarşısını almaq məqsədi ilə yeni audiovizual qanunlar qəbul edərək rus kanallarının öz ərazilərində yayımlarına məhdudiyyətlər gətirdilər. Nəticədə Moskvanın səsi postsovet məkanında ciddi ölçüdə kəsildi. Həm də "müharibə şəraitini nəzərə alaraq" Rusiya hökumətinin senzuranı bərpa etməsi, KİV-lər qalsın bir yanda sosial şəbəkələrdəki postlara görə belə istifadəçilərə cinayət məsuliyyəti gətirməsi, bir zamanlar əksər mövzularda az-çox azadlığı olan Rusiya mediasını dar bir fəaliyyət çərçivəsinə soxdu. Nəticədə media Kremlin "fas" komandası verdiyi ölkələri və siyasi elitaları hədəf taxtasına oturtdu. Amma, 99% rus dilində, və ancaq rusdilli media məkanında yayılan bu qara propaqanda kampaniyası qlobal informasiya məkanında ciddi bir ajiotaj yarada bilmədi.
Həm də, Kremlin hədəf taxtasına oturtduğu ölkələrdə son illər Rusiyanın müxtəlif aqressiv əməllərinin və təzyiqlərinin fonunda ciddi yerli media orqanları formalaşmış, beynəlxalq telekanallar, dünyanın aparıcı dillərində yayım gerçəkləşdirən media platformalar yaradılmışdır. Artıq bu media qurumlarının texniki imkanları, peşəkar əməkdaş tərkibi tam olaraq imkan verir ki, kənardan ölkəyə edilən informasiya hücumlarının qarşısı operativ şəkildə alınsın və hücum tərəfinə effektiv cavab verilsin.
Əslində, bu "iyrənc propaqanda üçlüyünə" ayrılan vaxt və diqqət onlar üçün çox böyük "şərəfdir". Zatən söylədikləri sayaqladıqları ifadələrə ancaq öz zombiləşmiş daxili auditoriyalarını inandıra bilirlər. Həm də Rusiya KİV-lərindəki bu kimi kontentlər bir dövlət olaraq məhz Rusiyanın özünün olan-qalan imicinə, prestijinə zərbə vurur və ona qarşı daha da çox nifrət yaradır.
Son iki gündə isə bu məsələ ilə bağlı olaraq elə rusdilli seqmentdə Orta Asiya, Ukrayna, Gürcüstan, və hətta Ermənistandan da bir çox aktiv istifadəçilər, "iyrənc propaqanda üçlüyünün" sərsəmliyini "faşizm xəstəliyi", "rus şovinizminin təcəssümü", "Hitler Rusiyası", "qlobal quduzluq" və s. kimi dəyərləndirərək bunun Moskvanın "ölümqabağı aqoniyasının" başlanğıcı adlandırıblar.
Həqiqətən də, dünya tərəfindən təcrid edilmiş, bütün qonşularına qarşı açıq şəkildə aqressiv siyasət həyata keçirən, bir qonşusunun torpaqlarına soxularaq onun böyük bir hissəsini işğal edən Rusiyanın elitası son zamanlar başını tam olaraq itirib. Bunun nəticəsi olaraq Moskvada artıq rəsmi şəxslərin verdikləri bəyanatlar arasında ciddi ziddiyyətlər yaranıb. Amma fakt faktlığında qalır ki, bu ölkənin xarici siyasətinin mahiyyəti aqressiyadan ibarətdir. Kreml hələ də bütün imperiya xalqlarının sayəsində udduğu müharibələrin qələbəsinin təsiri altındadır və orada hələ də elə bilirlər ki, bu müharibələri ruslar özləri, təkbaşına qazanıblar. Ukrayna müharibəsi isə artıq onları reallığa qaytarıb və onlara başa salıb ki, imperiyanın xalqları, onların torpaqlarının zənginlikləri hesabına Rusiya bütün qələbələri mənimsəyib. İndi bu xalqlar Rusiyanın yanında deyillər, ona görə də Rusiya biabırçı şəkildə müharibəni uduzur və az qala yarısını dağıtdığı Ukraynanın qarşısında acizdir...
Proses beləcə davam edəcək və əgər Rusiya ətrafında dövlətlərə, onların xalqlarının seçiminə hörmətlə yanaşaraq düzgün yolu seçməsə, özü öz "böyüklük manyasında" boğulub məhv olacaq.

