Siyasi

Güc birlikdədir: "Məkkə Paktı" və Husi hərəkatının labüd faciəvi sonu

Güc birlikdədir: Məkkə Paktı və Husi hərəkatının labüd faciəvi sonu

Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti ölkənin paytaxtı Sənanı geri almaq məqsədilə genişmiqyaslı hərbi əməliyyatın başladığını rəsmən elan etdi.

Yəmənin müdafiə nazirinin müavini Samir əl-Sabri Səna üzərində nəzarəti bərpa etmək barədə yekun qərarın verildiyini təsdiqlədi.

Hökumət qüvvələrinin əks-hücumlarını gücləndirməsi husilərin son dörd ildə həyata keçirdiyi ən irimiqyaslı quru əməliyyatına cavab idi. Belə ki, sentyabrın əvvəlində qruplaşma Qırmızı dənizə doğru irəliləməyə və strateji əhəmiyyətli Bab-əl-Məndəb boğazını blokadaya almağa cəhd göstərmişdi.

Hazırda cəbhə xəttində vəziyyət kritikdir. Hökumət qoşunları iki istiqamətdən əks-hücuma keçərək döyüş zonasını Taiz, Hodeyda, Əl-Cəvf və Əl-Beyda əyalətlərinə qədər genişləndirib.

Məlumatlara görə, bir sıra mühüm mövqelər, o cümlədən Hays rayonu husilərdən geri alınıb. Buradakı husi qüvvələrinin qərargahı üzərində Yəmən dövlətinin bayrağı qaldırılıb.

Quru əməliyyatları ilə yanaşı, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası husilərin hədəflərinə, o cümlədən Sənanın şimal rayonlarındakı mövqelərinə qarşı intensiv hava zərbələrini bərpa edib. Bundan əlavə, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında Məkkə Paktının imzalanmasından sonra Ankara və İslamabadın da hərbi müşavirlər və təlimatçılar səviyyəsində Yəmən hökumətinə dəstək verdikləri gələn məlumatlar arasındadır. Məkkə paktının cəmi bir ay əvvəl imzalanması və ardından Yəmən ordusunun götürdüyü revanş onu göstərir ki, iki güclü müsəlman dövlətinin əl qoyduğu bu məsələ tezliklə Yəmən xalqının maraqlarına uyğun olaraq öz həllini tapacaq.

Yaxın tarixə nəzər salsaq, Türkiyənin öncülüyündə Yaxın Şərq, Qara dəniz, Qafqaz və Afrika qitəsinin müxtəlif bölgələrindəki aktiv müharibə ocaqlarının yerli xalqların və onların milli hakimiyyətlərinin xeyrinə necə başa çatdığını görə bilərik. Qarabağda Vətən müharibəsi aparan Azərbaycana verdiyi siyasi dəstəklə Ermənistanın arxasında duran qüvvələri prosesə müdaxilədən çəkindirən Türkiyə dövləti artıq qlobal miqyasda öz şərtlərini diqtə etməkdədir. Qətərin suverenliyinin qorunmasında, Liviyada xalq hakimiyyətini xarici güclərə vassallıq edən üsyançılardan xilas etməsində, Somalidə və Afrika buynuzunda xaos yaradan qanunsuz silahlılardan, habelə Qırmızı dənizdəki quldurların ticarət gəmilərinə hücumlarının qarşısının alınmasında Türkiyə öz ordusunun gücü həlledici rol oynayıb.

İndi isə, Yəmən ordusunun illər ərzində əldə etdiyi ilk uğurlar açıq şəkildə göstərir ki, Türkiyə və Pakistandan olan peşəkar qərargah zabitləri və hərbi planlaşdırma mütəxəssisləri bu səylərə qoşulublar. Yəmən ordusunun komandanlığı Sənanın geri alınmasının "sadəcə zaman məsələsi" olduğunu bildirir, amma əməliyyatın konkret taktiki təfərrüatları məxfi saxlanılır.

Bununla belə, Türkiyə və Pakistan - hər ikisi inkişaf etmiş müdafiə sənayesinə malik olan dövlətlər, Yəmən ordusunun döyüş qüvvələrini ən müasir silah və zəruri təchizatla təmin edərək ona dəstək göstərə bilərlər. Bura müasir silahlar və xüsusilə vacib olan döyüş sursatları, müxtəlif növ raketlər, həmçinin pilotsuz uçuş aparatları (PUA) və orta mənzilli hava hücumundan müdafiə sistemləri də daxil ola bilər. Əgər döyüşlərin getdiyi coğrafiyaya və husilərin əsas silahlarını nəzərdən keçirsək, görərik ki, bu sistemlər Yəmən ordusunun qarşısındakı tapşırığı uğurla yerinə yetirməsi üçün kifayətdir.

Yəmən hökumət qüvvələrinin əks-hücum əməliyyatının xəritəsinə nəzər saldıqda isə, əsas zərbə qrupu olan xüsusi təyinatlı qüvələrin aypara formasında irəliləyişi və cəbhə xəttini yarması müşahidə olunur. Bu, Türk ordusunun hərbi taktikasıdır və bu dəfə uzun illərdir həlli mümkün olmayan, döyüşlərin bu templə davam ediləcəyi təqdirdə, Şimali Yəmənin paytaxtı Səna və orada yerləşən husilərin böyük silahlı qüvvələri tezliklə mühasirəyə düşə bilər.

Xatırlatmaq yerinə düşər ki, zorakılıq dalğasının başlaması 2022-ci il atəşkəsini faktiki olaraq pozdu və regionda humanitar fəlakətə səbəb oldu.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, gərginliyin yeni mərhələsi tələfat sayının kəskin artmasına – qısa müddət ərzində min nəfərdən çox insanın həlak olmasına və yaralanmasına – və on minlərlə insanın qaçqın düşməsinə səbəb olub.

Alparslan

D
demokrat.az