Azərbaycanda tələb olunan icazə və sənədlər olmadan taksi fəaliyyəti göstərilməsi ilə bağlı hallar gündəmdədir. Qanunvericilik taksi fəaliyyəti ilə məşğul olan şəxslər və nəqliyyat vasitələri üçün müəyyən tələblər nəzərdə tutur və bu tələblərə əməl edilməməsi sürücü üçün hüquqi məsuliyyət yarada bilər.
Digər tərəfdən, belə nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərin təhlükəsizliyi və hüquqlarının qorunması da sual doğurur. Xüsusilə qəza, xəsarət və ya digər insident baş verdiyi halda sərnişinin hansı hüquqlara malik olduğu və məsuliyyətin kimin üzərinə düşdüyü məsələsi aktuallaşır.
Bəs tələb olunan sənədlər və icazələr olmadan taksi fəaliyyəti göstərən şəxslər hansı hüquqi məsuliyyət daşıyır? Sərnişin belə taksidən istifadə etdikdə hər hansı hüquqi risklə üzləşə bilərmi?
Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, taksi fəaliyyəti müəyyən icazələr alınmaqla və tələblərə riayət edilməklə həyata keçirilməlidir.
Onun sözlərinə görə, taksi minik avtomobili ilə sərnişin daşınması üçün daşıyıcının buraxılış vəsiqəsi, konkret nəqliyyat vasitəsinin isə buraxılış kartı olmalıdır:
“Həmçinin sürücünün xüsusi hazırlıq keçməsi, nəqliyyat vasitəsinin texniki vəziyyəti və sürücünün tibbi müayinəsi ilə bağlı müəyyən tələblərə əməl olunmalıdır. Bu tələblər yerinə yetirilmədən taksi fəaliyyəti göstərilməsi qanunvericiliyin pozulması hesab olunur.
İnzibati Xətalar Məcəlləsinin 324-cü maddəsinə əsasən, buraxılış vəsiqəsi olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 1 000 manat məbləğində cərimə edilə bilər. Eyni əməlin bir il ərzində təkrar törədilməsi halında cərimələrin məbləği müvafiq olaraq 400 və 2 000 manat təşkil edir. Buraxılış kartı olmadan taksi minik avtomobili ilə sərnişin daşınmasına görə isə 50 manat, təkrar törədildikdə 80 manat məbləğində cərimə nəzərdə tutulur. Beləliklə, tələb olunan sənədlər olmadan taksi fəaliyyəti göstərən şəxsin və ya daşıyıcının məsuliyyəti inzibati xarakter daşıyır.
Sərnişinin belə nəqliyyat vasitəsindən istifadə etməsi məsələsinə gəldikdə isə, ümumi qayda olaraq, sərnişin yalnız icazəsiz taksidən istifadə etdiyinə görə inzibati məsuliyyət daşımır. Qanunvericilikdə taksi fəaliyyəti üçün tələb olunan icazə sənədlərinin əldə edilməsinə görə məsuliyyət əsasən daşıyıcının, hüquqi şəxsin, vəzifəli şəxsin və müvafiq hallarda sürücünün üzərinə qoyulur. Bu baxımdan sərnişinin qanunsuz taksidən istifadə etməsi avtomatik olaraq onun üçün hüquqi məsuliyyət yaratmır.
Bununla belə, sərnişin üçün müəyyən hüquqi və praktik risklərin yaranması mümkündür. Xüsusilə yol-nəqliyyat hadisəsi nəticəsində sərnişinin sağlamlığına və ya əmlakına zərər dəydikdə, daşıyıcının tələb olunan sənədlərinin və sığorta təminatının olub-olmaması əhəmiyyət daşıyır. “İcbari sığortalar haqqında” Qanuna əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mövcud olmalıdır və sərnişin müəyyən hallarda üçüncü şəxs kimi sığorta təminatından yararlana bilər. Bununla yanaşı, taksi fəaliyyətinin qanunsuz həyata keçirilməsi, tələb olunan sığortaların olmaması və ya digər qanun pozuntuları zərərin kompensasiyası prosesini praktik baxımdan çətinləşdirə bilər”, - deyə ekspert fikrini tamamlayıb.


