Xaçmaz rayonunda 43 yaşlı kişi qızına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xaçmaz şəhəri, N.Tusi küçəsində fərdi evlərdən birində baş verib.
1983-cü il təvəllüdlü Cahangir evinin qonaq otağında qızı Kəmalə (adlar şərtidir – red.) ilə mübahisə edib. Şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qızının bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə əli ilə vuraraq ona xəsarətlər yetirib.
Məhkəmədə izahat verən Cahangir bildirib ki, zərərçəkmiş şəxs onun doğma övladıdır:
“Qızım Kəmalə mənə cavab qaytarıb. Mən də əsəblərimə hakim ola bilməyərək qızımı vurmuşam. Hadisədən əvvəl qızım bizə yaxın bir ailənin evinə getmək istədiyini bildirdi. Mən buna etiraz etdim, mübahisə də buna görə yarandı. Mən törətdiyim əməldən peşmanam. Hesab edirəm ki, qızımı vurmağım tərbiyə üsuludur. Buna görə şikayət edilməsini düzgün hesab etmirəm. Mən qızımı vuranda dəmir dabankeşlə də vurmuşam”.
İbtidai araşdırma zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs deyib ki, Xaçmaz şəhəri, N.Tusi küçəsində yaşayır, daimi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur:
“Qızım Kəmalə ilə münasibətlərimiz yaxşı olub. Məlum hadisə günü, saat 17:00 radələrində qızımla mübahisə etmişəm. Buna səbəb həmin vaxt yaşadığım ünvana əsəbi gəlməyim və qızımın mənə cavab qaytarması olub”.
Cahangirin sözlərinə görə, bir müddətdir ki, həyat yoldaşı Bahar onunla mübahisə etdiyi üçün atasının yaşadığı ünvana gedib: “Bu səbəbdən evdə qızımla ikimiz yaşamışıq. Mübahisə etməmişdən öncə qızım mənə yaxınlaşaraq qonşu Leyla adlı qadının dəvəti ilə onlara qonaq getmək istədiyini və orucunu orada açmaq istədiyini bildirdi. Mən Kəmaləyə icazə vermədim. Bu mövzuda aramızda mübahisə yarandı. Mənim bir müddətdir ki, maddi vəziyyətim pis olduğu üçün ailəmə istədiyim kimi baxa bilməmişəm”.
Təqsirləndirilən şəxs bildirib ki, sonuncu dəfə 2025-ci ilin oktyabr ayında iş yerində aparılan ixtisarlar səbəbindən işsiz qalıb və həmin vaxtdan özünə iş tapa bilməyib:
“Buna görə evə ərzaq ala bilməmişəm və kommunal borclarımı ödəyə bilməmişəm. Qızım oruc tutduğu üçün iftar vaxtı qonşuya getmək istədiyini bildirdikdə aramızda mübahisə yarandı. Evdə yeməyin olmaması səbəbindən Kəmalənin qonşuya getdiyini bilməyim mənə pis təsir etdi. Qızıma evdə oturmasını bildirdim. Qızım mənə iftar üçün yemək gətirməyini bildirdi. Lakin qızım mənə cavab qaytardı. Bu səbəblə yaşadığımız evin qonaq otağında Kəmalənin saçından tutaraq yerə yıxdım, ənsə və diz nahiyələrinə əlimlə vurdum. Kəmaləyə valideynlə düzgün rəftar etməsini başa salmaq istəmişəm”.
Məhkəmə istintaqı zamanı zərərçəkmiş Kəmalə verdiyi ifadəsində göstərib ki, hadisə atasının Cahangirin dediyi kimi onun qonşuya getməsinə görə deyil, atasının anasının ünvanına təhqiredici ifadələr işlətməsi və onun da buna etiraz etməsi səbəbindən baş verib: “Atam məni ilk dəfə deyil ki, vurur. Bundan əvvəl də bir neçə dəfə vurub, atam məni istəmir. Mən atamla birlikdə yaşamışam. Hadisədən sonra babamın evində yaşayıram. Anamla atam mübahisə etdiklərindən anam bizimlə birlikdə deyil, babamın evinə gedərək yaşayıb. Mən isə öz evimizdə, atamın yaşadığı evdə qalmaq istədiyimdən orada yaşamışam. Lakin hazırkı hadisədən sonra babamın evinə gedərək orada yaşamışam. Atam məni döyəndə yumruqla, dəmir parçası ilə vurub”.
Kəmalə deyib ki, ara-sıra atasının spirtli içki aludəçisi olması səbəbindən aralarında mübahisələr olub və atası bir neçə dəfə ona əl qaldırıb: “Amma atamın məni döyməsi barədə şikayət etməmişəm. Sonuncu dəfə məlum hadisə günü atam məni yaşadığımız evdə səbəbsiz yerə döyüb”.
Zərərçəkmiş ifadəsinin sonunda atasının əməlindən peşman olmadığını hiss etdiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.
Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib.


