Sosial Özəl

“Sən mənə heç nə almırsan” deyən uşaqlar böyüyəndə...

“Sən mənə heç nə almırsan” deyən uşaqlar böyüyəndə...

Gündəlik tələbat malları almaq üçün marketə daxil olub qiymətləri hesabladıqda bahalaşmanın real mənzərəsi aydın görünür. Xəbərlərdə və söhbətlərdə eşidilən qiymət artımı kassa önündə şəxsi büdcə ilə qarşılaşanda daha dərindən hiss edilir.

Uşaqlıqda marketdən alış-veriş etmək sadə tapşırıq sayılsa da, böyüdükcə bu proses ciddi hesab-kitab tələb edir. Səbətə qoyulan hər məhsulun qiyməti maliyyə məsuliyyətini və vaxtilə uşaq ikən valideynlərə verilən tələbləri xatırladır.

Qiymətlərə baxanda o an uşaqlıq yada düşür...

Valideynim məni marketə göndərəndə əsas məqsədim siyahıdakı məhsulları tapıb almaq idi. Bir çörəyin, südün və ya yağın neçə manat olduğunu çox da düşünmürdüm. Əlimdə pul vardısa, alırdım.

O vaxt mənim üçün market sadəcə market idi.

İndi isə market bir az da hesab kitab yeridir.

Bir məhsulu səbətə qoymazdan əvvəl qiymətinə baxırsan. Sonra ikinci məhsulu əlavə edirsən və artıq beynində hesab aparmağa başlayırsan.

Və həmin an uşaqlıqda ətrafdan eşitdiyimiz bir cümlə yadıma düşür:

“Sən mənə heç nə almırsan.”

Bu cümləni yəqin ki, çoxumuz eşitmişik. Bəzən uşağın öz valideyninə dediyini, bəzən də valideynin bu söz qarşısında nə edəcəyini bilmədiyini görmüşük.

“Sən mənə bunu almırsan”.

“Başqasının valideyni uşağına hər şeyi alır”.

“Filankəsin telefonunun ən yenisi var, mənim niyə yoxdur?”

Uşaq üçün bu müqayisələr həmin an çox ciddi görünür. Çünki o, qarşı tərəfin ailə büdcəsini görmür. Başqasının evində ayın sonunda hansı xərclərin qaldığını, valideynin nə qədər qazandığını, nəyə pul çatdırmağa çalışdığını bilmir.

O, sadəcə gördüyünü müqayisə edir.

Amma həyatın maraqlı tərəfi budur ki, insan böyüdükcə həmin müqayisələrin mənası dəyişir.

Bir gün öz pulunu qazanmağa başlayırsan. Sonra öz ehtiyaclarını özün ödəyirsən. Daha sonra marketə girib bir neçə məhsul alırsan və birdən-birə illər əvvəl valideyninin dediyi bəzi sözlərin mənasını anlayırsan.

“Bu ay bunu almayacağıq. “İndi buna ehtiyac yoxdur”. “Sonra alarıq”.

Uşaq vaxtı bunlar bəzən sadəcə “yox” kimi görünür. Böyüyəndə isə həmin “yox”un arxasında büdcə, məsuliyyət, borc, kommunal ödənişlər, ərzaq xərcləri və başqa yüzlərlə məsələ olduğunu anlayırsan.

Bəlkə də uşağı buna görə qınamaq düzgün deyil.

Çünki uşaq ailənin maliyyə yükünü daşıyan tərəf deyil. O, pulun necə qazanıldığını, necə bölüşdürüldüyünü və bir ailənin ayı başa vurmaq üçün hansı hesablamaları apardığını müəyyən yaşa qədər tam dərk edə bilməz. Bir söz var: ağzın isti yerdədir

Amma məsələ yalnız uşaqlarda da deyil.

Bəzən valideynlər də uşağa ailənin maddi vəziyyətini izah etməyə ehtiyac görmürlər. “Uşaqdır, nə başa düşəcək?” deyib mövzunu bağlayırlar. Halbuki uşağa pulun dəyərini, ehtiyacla istəyin fərqini və ailə büdcəsinin nə olduğunu yaşına uyğun şəkildə izah etmək gələcək üçün çox vacibdir. Çünki uşaq hər istədiyinin alınmamasını “məni sevmirlər” kimi qəbul etməməlidir.

Eyni zamanda valideyn də uşağın hər istəyini təmin edə bilməməsini özünə qarşı ittiham kimi görməməlidir. Bir də bütün bu məsələnin ortasında qiymətlər dayanır.

İnflyasiya, bahalaşma, ərzaq xərclərinin artması… Ailənin gəliri dəyişməsə belə, eyni pulla əvvəlki qədər məhsul almaq mümkün olmaya bilər. Bu isə ailənin seçimlərini də dəyişir.

Əvvəllər səbətə düşünmədən qoyulan məhsul bu gün “görəsən, buna ehtiyacımız var?” sualına çevrilə bilər.

Bəlkə də uşaqların “sən mənə heç nə almırsan” deməsinin arxasında yalnız kapriz yoxdur. Bəzən sadəcə həyatın necə işlədiyini bilməmək var. Valideynin “mən sənə hər şeyi ala bilmirəm” deməsinin arxasında isə sevgisizlik yox, imkan məsələsi ola bilər.

Ona görə də bu məsələdə kimin haqlı olduğunu düşünəndə adam həqiqətən bilmir hansı tərəfi seçsin. Uşağı, valideyni, yoxsa qiymət artımını?

Məncə, cavab heç birində deyil.

Cavab anlamaqdadır.

Uşaq böyüdükcə ailəsinin imkanlarını anlamalıdır. Valideyn isə uşağın ehtiyaclarını dinləməlidir. Qiymətlərin artdığı bir dövrdə isə ailə daxilində pul haqqında danışmaq ayıb və ya lazımsız mövzu kimi qəbul edilməməlidir.

Çünki bir gün o uşaq böyüyəcək.

Öz maaşını alacaq. Öz market səbətini dolduracaq.

Və kassada ödəyəcəyi məbləğə baxarkən bəlkə də illər əvvəl dediyi bir cümlə yadına düşəcək:

“Sən mənə heç nə almırsan…”

Bu dəfə isə həmin cümlənin qarşısında valideyninin nə hiss etdiyini özü anlayacaq.

Fidan Hacızadə

D
demokrat.az