Kriminal Özəl

Əsgər yola salma mərasimində dava düşdü — İşə polis qarışdı

Əsgər yola salma mərasimində dava düşdü — İşə polis qarışdı

Astara rayonunda əsgər yola salma məclisində həmkəndlilər arasında mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib.

1986-cı il təvəllüdlü Murad həmkəndlisi Mərahim (adlar şərtidir – red.) ilə digər həmkəndliləri Alimin oğlunun əsgərliyə yola salınması mərasimində mübahisə edib.

Mübahisə zamanı onların hər ikisi sərxoş olub. İçkinin təsiri altında sözləri çəp gələn həmkəndlilərin mübahisəsi daha da şiddətlənib.

Bu zaman Murad yumruğu ilə Mərahimi vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Mərahimin şikayəti əsasında Muradın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdıqlarını bildirib.

Zərərçəkmiş Mərahim də ifadəsində Muradla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib.

Astara Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması nəzərə alınaraq barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az