Abşeron rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Qobustan qəsəbəsi, C.Cabbarlı küçəsində baş verib.
Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Cəmil yaşadığı evdə arvadı Zamirə (adlar şərtidir – red.) ilə mübahisə edib. Onların arasında mübahisənin yaranmasına səbəb isə Cəmilin başqa qadınlarla ünsiyyət qurması olub.
Bunu güman edən Zamirə qısqanclıq zəminində ərinə irad bildirib və həmin səbəbdən aralarında narazılıqla bağlı mübahisə baş verib.
Bu zaman Cəmil əsəbiləşərək Zamirənin üzərinə hücum edib, əli və yumruqları ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.
Cəmilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Cəmil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir:
“Zamirə ilə 2023-cü ildə ailə həyatı qurmuşam, birgə nikahdan iki azyaşlı övladımız var. Zamirə ilə ailə həyatı qurduqdan sonra əvvəllər ər-arvad münasibətlərimiz normal olsa da, son zamanlar Zamirə mənim başqa qadınlarla münasibətdə olduğumu iddia edərək qısqanıb, sözlə mübahisələr yaradıb”.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, saat 23 radələrində yaşadığı evdə olarkən yenə də Zamirə onun başqa qadınlarla münasibət saxladığını deyərək irad bildirib:
“Bu zəmində qısqanclıqla bağlı aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşərək yumruq zərbələri ilə Zamirənin sifətinə, qoluna, belinə və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq onu döydüm”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı ödədiyini və aralarında barışıq əldə olunduğunu bildirib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


