Sağlamlıq Özəl

Diabet riskini azaltmağın qeyri-adi yolu tapıldı

Diabet riskini azaltmağın qeyri-adi yolu tapıldı

Alimlər evin yaxınlığında bağ və parkların olmasının 2-ci tip diabetin inkişaf riskinin azalması ilə əlaqəli olduğunu müəyyən ediblər.

Demokrat.az xəbər verir ki, araşdırmanın nəticələri "BMC Public Health" jurnalında dərc olunub.

Tədqiqatçılar Britaniya Biobankının 400 mindən çox iştirakçısının məlumatlarını təhlil ediblər. Onların sağlamlıq vəziyyəti orta hesabla 15,4 il ərzində izlənilib.

Məlum olub ki, evdən 100 metr məsafədə şəxsi bağın olması diabet riskini 6,8 faiz, yaxınlıqda dörd və ya daha çox parkın yerləşməsi isə 5,7 faiz azaldır.

Müəlliflər mümkün mexanizmlərdən biri kimi fiziki aktivliyi göstərirlər. Parkların çox olduğu ərazilərdə yaşayan insanlar həftə ərzində orta hesabla 24 dəqiqə daha çox idman ediblər. Bundan əlavə, D vitamininin daha yüksək səviyyədə olması, psixoloji vəziyyətin yaxşılaşması və ətraf mühitin mikrobiomunun faydalı təsiri də rol oynaya bilər.

Tədqiqatçılar ayrıca şəxsi bağların əhəmiyyətini vurğulayıblar. Belə məkanlar insanlara sosial təzyiq olmadan təbiətdə vaxt keçirməyə və ictimai məkanlarla müqayisədə yaşıllıqlarla daha sıx təmasda olmağa imkan verir.

Tədqiqatın rəhbəri, Kvinslend Universitetinin epidemioloqu Çinonço Odebeatunun sözlərinə görə, yaşıllıqlara çıxış imkanları cəmiyyət arasında bərabər bölüşdürülməyib. Aşağı gəlirli ərazilərin sakinləri yaşıllıqlardan daha çox məhrum olurlar və həmin ərazilərdə diabetə yoluxma səviyyəsi də daha yüksəkdir.

Müəlliflər ictimai sağlamlığın qorunması tədbiri kimi sıx şəhərsalma şəraitində yaşıl zonaların yaradılmasını təklif edirlər.

Jalə Demokrat.az

D
demokrat.az