Azərbaycanın Türkiyədən taxıl və paxlalı məhsulların idxalına çəkdiyi xərclərin artması diqqət çəkir. 2026-cı ilin yanvar-iyul aylarında bu məhsulların idxalına 111,2 milyon dollar xərclənib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz çoxdur.
İdxal xərclərinin artması Türkiyədə məhsulların qiymətlərinin yüksəlməsi, Azərbaycana gətirilən məhsulların həcminin artması, eləcə də logistika və digər idxal xərcləri ilə bağlı ola bilər. Digər tərəfdən, idxalın dəyərindəki artımın daxili bazarda qiymətlərə təsir edib-etməyəcəyi də diqqət çəkən məsələlərdəndir.
Bəs Türkiyədən taxıl və paxlalı məhsulların idxalına çəkilən xərclərin 14 faizdən çox artmasının əsas səbəbləri nələrdir? Bu tendensiya Azərbaycanda taxıl və paxlalı məhsulların qiymətlərinin bahalaşmasına səbəb ola bilərmi və qarşıdakı dövrdə qiymətlərdə hansı dəyişikliklər gözlənilir?
Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, Türkiyədə də inflyasiya var.

Onun sözlərinə görə, orada məhsullar bahalaşırsa, biz də həmin məhsulları daha baha qiymətə alırıq:
“Bu baxımdan qiymət artımının əsas səbəblərindən biri idxal inflyasiyasıdır. Yəni xaricdən idxal olunan məhsulların qiymətinin artması nəticədə daxili bazarda da qiymətlərin yüksəlməsinə səbəb olur.
Biz qiymət artımının səbəblərindən danışarkən həmişə idxal inflyasiyasını da nəzərə almalıyıq. Əgər ölkəyə gətirilən məhsulların alış qiyməti yüksəlirsə, bu, təbii olaraq həmin məhsulların daxili bazardakı satış qiymətinə də təsir göstərir.
Burada istehlakçı davranışında ciddi dəyişiklik olduğunu da demək çətindir. Məsələn, əhalinin istehlakı 14 faiz artmayıb. Tutaq ki, müəyyən məhsullar üzrə istehlak 1 faiz artıb. Yəni tələbin bu qədər ciddi şəkildə yüksəldiyini göstərən əsaslı dəyişiklik yoxdur. Buna baxmayaraq, qiymətlər artıb. Deməli, burada yalnız tələbin artmasını deyil, məhsulların maya dəyərinə və idxal qiymətlərinə təsir edən amilləri də nəzərə almaq lazımdır.
Türkiyədə inflyasiyanın yüksək olması da bu baxımdan əhəmiyyətli amildir. Türkiyədən idxal olunan məhsulların qiymətinin artması Azərbaycandakı qiymətlərə də müəyyən qədər təsir göstərə bilər. Bu proses müəyyən mənada idxal inflyasiyasının daxili bazara ötürülməsi kimi qiymətləndirilə bilər.
Amma məsələni yalnız Türkiyə üzərindən qiymətləndirmək də düzgün olmaz. Əgər söhbət taxıl və paxlalı məhsulların qiymət artımından gedirsə, burada ümumi idxal göstəricilərinə baxmaq daha məqsədəuyğundur. Yəni yalnız Türkiyədən nə qədər məhsul idxal edildiyini deyil, ümumilikdə taxıl və paxlalı məhsulların hansı ölkələrdən, hansı həcmdə və hansı qiymətlərlə Azərbaycana gətirildiyini təhlil etmək lazımdır.
Məsələn, əvvəl müəyyən məhsulların əsas hissəsi Rusiyadan idxal olunurdusa, sonradan tədarük istiqamətinin Türkiyəyə dəyişməsi də mümkündür. Belə dəyişikliklər məhsulların alış qiymətinə, logistika xərclərinə və nəticə etibarilə daxili bazardakı qiymətlərə təsir göstərə bilər.
Ona görə də yalnız “Türkiyədə inflyasiya var və buna görə Azərbaycanda qiymətlər bahalaşıb” demək tam və əhatəli izah olmaz. Daha düzgün təhlil üçün ümumi idxalın həcmi, əsas idxalçı ölkələr, məhsulların idxal qiymətləri, logistika xərcləri və daxili bazarda həmin məhsullara olan tələbat birlikdə nəzərdən keçirilməlidir.
Ümumilikdə, taxıl və paxlalı məhsulların qiymət dəyişikliklərini qiymətləndirərkən həm qlobal və regional qiymət dinamikasını, həm də Azərbaycanın idxaldan asılılıq səviyyəsini nəzərə almaq lazımdır. Bu amillərin hər biri son nəticədə istehlakçı qiymətlərinə təsir göstərə bilər”, - deyə iqtisadçı fikrini tamamlayıb.


