Mədəniyyət Özəl

Yerli filmlər niyə xarici filmlərlə rəqabətdə çətinlik çəkir? — Açıqlama

Yerli filmlər niyə xarici filmlərlə rəqabətdə çətinlik çəkir? — Açıqlama

Azərbaycan kinoteatrlarında yerli və xarici filmlərin nümayişi arasında balans məsələsi son dövrlərdə kino sektorunun əsas müzakirə mövzularından birinə çevrilib. Xarici filmlərin geniş auditoriya toplaması və kinoteatr repertuarında mühüm yer tutması yerli ekran əsərlərinin tamaşaçıya çatdırılması imkanları ilə bağlı suallar yaradır. Digər tərəfdən, xarici kino ilə rəqabətin yerli rejissorları daha keyfiyyətli və tamaşaçı marağına cavab verən filmlər yaratmağa sövq edə biləcəyi də vurğulanır.

Bəs kinoteatrlarda xarici filmlərin üstünlük təşkil etməsi Azərbaycan kinosunun inkişafına mane olur, yoxsa əksinə, yerli rejissorları daha rəqabətədavamlı olmağa məcbur edir? Yerli filmlərin tamaşaçı auditoriyasında və kinoteatr repertuarında daha böyük paya sahib olması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında kinoşünas Aygün Aslanlı bildirib ki, Azərbaycan kinosunun inkişafına mane olan əsas məsələlərdən biri kinoteatrlarda xarici filmlərin üstünlük təşkil etməsi deyil.

Onun sözlərinə görə, xarici filmlərin, xüsusilə də böyük büdcəli Hollivud layihələrinin tamaşaçı marağına səbəb olması təbii haldır:

“Burada əsas məsələ xarici və yerli filmlərin nümayişi arasında optimal balansın formalaşdırılmasıdır. Yerli filmlərin kinoteatrlarda daha geniş auditoriyaya çatdırılması üçün onların nümayiş imkanlarının artırılması və müəyyən dəstək mexanizmlərinin tətbiqi məqsədəuyğun ola bilər. Çünki yerli rejissorların böyük büdcəli xarici layihələrlə eyni maliyyə və marketinq imkanları daxilində rəqabət aparması müəyyən çətinliklər yaradır. Hollivudun maliyyə, texniki və reklam imkanları ilə Azərbaycan kino sənayesinin mövcud imkanları arasında fərqlər var.

Bu baxımdan, yerli filmlərin davamlı şəkildə nümayiş etdirilməsi və tamaşaçıya çatdırılması üçün daha əlverişli şəraitin yaradılması onların inkişafına müsbət təsir göstərə bilər. Nümayiş imkanlarının genişləndirilməsi yerli kino istehsalçılarına auditoriya toplamaq və kommersiya baxımından daha uğurlu nəticələr əldə etmək imkanı verə bilər.

Məsələnin digər tərəfi isə kino infrastrukturunun inkişafı ilə bağlıdır. Azərbaycanda kinoteatrların və digər kino nümayişi məkanlarının sayının artırılması, mövcud imkanlarının genişləndirilməsi yerli filmlərin tamaşaçıya çatdırılması baxımından əhəmiyyətli ola bilər. Hazırda kinoteatrların böyük hissəsinin ticarət və əyləncə mərkəzlərinin daxilində fəaliyyət göstərməsi də kino sektorunun inkişafı kontekstində ayrıca müzakirə edilən məsələlərdəndir.

Belə məkanlarda filmlərin repertuara seçilməsi, təbii olaraq, tamaşaçı marağı və kommersiya göstəriciləri də nəzərə alınmaqla müəyyənləşir. Bu səbəbdən yerli filmlərin daha geniş nümayiş imkanları əldə etməsi üçün həm kino istehsalçıları, həm də nümayişçilər arasında daha səmərəli əməkdaşlıq mexanizmlərinin yaradılması vacibdir.

Burada söhbət yalnız yerli filmlərin keyfiyyətindən getmir. Kino sənayesinin inkişafı üçün istehsal, maliyyələşmə, nümayiş, marketinq və tamaşaçı ilə əlaqələrin qurulmasını əhatə edən vahid kino sisteminin formalaşdırılması əhəmiyyətlidir. Yerli filmlərin daha çox tamaşaçıya çatması üçün davamlı və sistemli nümayiş imkanlarının yaradılması da bu prosesin mühüm hissəsidir.

Bu baxımdan, Nizami Kino Mərkəzi kimi kino məkanlarının fəaliyyəti və onların inkişaf perspektivləri də diqqətdə saxlanıla bilər. Kino mədəniyyətinin formalaşması baxımından belə məkanların fəaliyyəti yerli filmlərin nümayişi və tamaşaçı auditoriyasının genişləndirilməsi üçün əhəmiyyət daşıyır.

Nəticə etibarilə, xarici filmlərin ölkə kinoteatrlarında nümayiş etdirilməsi Azərbaycan kinosu üçün birbaşa problem kimi qiymətləndirilməməlidir. Əsas məsələ yerli filmlərin də rəqabətədavamlı şəkildə tamaşaçıya təqdim olunması, onların nümayiş imkanlarının genişləndirilməsi və kino infrastrukturunun inkişaf etdirilməsidir. Bu istiqamətdə daha əlverişli şərait yaradılması Azərbaycan kinosunun gələcək inkişafına müsbət təsir göstərə bilər”, - deyə Aygün Aslanlı fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az