Son illər gənclər arasında diş problemlərinin və erkən yaşda diş itkisi hallarının artması diqqət çəkən sağlamlıq məsələlərindən birinə çevrilib. Ağız boşluğuna düzgün qulluq edilməməsi, qidalanma vərdişləri, profilaktik müayinələrin vaxtında aparılmaması və digər amillər bu problemlərin yaranmasında əsas səbəblər sırasında göstərilir.
Bəs gənclərdə diş sağlamlığının zəifləməsinə hansı amillər təsir edir və bu tendensiyanın qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən Tibb üzrə fəlsəfə doktoru Hüseyn Hüseynzadə bildirib ki, son illər diş sağlamlığına önəm verən insanların sayı nəzərəçarpacaq dərəcədə artıb.
Onun sözlərinə görə, insanlar artıq ağız və diş sağlamlığının ümumi sağlamlığın ayrılmaz hissəsi olduğunu daha yaxşı anlayırlar:
“Bu səbəbdən profilaktik müayinələrə maraq artıb, insanlar yalnız ağrı yarandıqda deyil, hər hansı problemin qarşısını almaq məqsədilə də stomatoloqa müraciət edirlər. Xüsusilə də hər 6 aydan bir diş həkimi müayinəsindən keçmək vərdişi əvvəlki illərlə müqayisədə daha geniş yayılıb. Bunun nəticəsində orta yaş qrupuna aid insanların ağız boşluğunda dişlərin sayı ümumilikdə norma daxilində qalır və erkən diş itkisi halları müəyyən qədər azalıb.
Bununla belə, uşaqlar və gənclər arasında vəziyyət o qədər də ürəkaçan deyil. Bu yaş qruplarında erkən diş itkisi və eyni zamanda iki və ya daha çox dişdə çürüyün yaranmasının əsas səbəblərindən biri qidalanma vərdişləridir. Xüsusilə hazır və yarımfabrikat qidaların, yüksək şəkər tərkibli məhsulların, energetik içkilərin, eləcə də şirin qazlı suların həddindən artıq istehlakı diş minasına ciddi mənfi təsir göstərir. Bu məhsullar ağız boşluğunda turş mühit yaradır və bakteriyaların çoxalmasını sürətləndirərək çürük riskini artırır.
Digər mühüm məsələ isə ağız boşluğunun gigiyenasıdır. Bu cür qidalar qəbul edildikdən sonra dişlər vaxtında fırçalanmadıqda və ya ağız boşluğu təmizlənmədikdə diş səthində qida qalıqları və bakteriyalar toplanır. Nəticədə çürük prosesi daha sürətlə inkişaf edir və zamanla dişlərin zədələnməsinə, hətta erkən yaşlarda itirilməsinə səbəb ola bilir.
Ona görə də gündə ən azı iki dəfə dişləri düzgün qaydada fırçalamaq, diş sapından istifadə etmək və ağız boşluğunun gigiyenasına ciddi riayət etmək vacibdir. Bu sadə, lakin müntəzəm vərdişlər diş çürüməsinin qarşısının alınmasında və dişlərin uzun illər sağlam qalmasında mühüm rol oynayır”, – deyə stomatoloq fikrini tamamlayıb.


