İqtisadiyyat Özəl

Azərbaycanda ən gəlirli bizneslər açıqlandı

Azərbaycanda ən gəlirli bizneslər açıqlandı

Yüksək inflyasiya, dəyişən istehlak vərdişləri və texnologiyanın sürətli inkişafı biznes mühitini yenidən formalaşdırır. Bu dəyişikliklər fonunda bəzi fəaliyyət sahələri əvvəlki cəlbediciliyini itirərkən, digərləri sahibkarlar və investorlar üçün yeni qazanc imkanları yaradır. Bazar iştirakçıları artıq yalnız ənənəvi bizneslərə deyil, gələcək illərdə də dayanıqlı gəlir vəd edən istiqamətlərə üstünlük verməyə çalışırlar.

Bəs hazırkı iqtisadi şəraitdə hansı biznes sahələri daha perspektivli hesab olunur və yüksək gəlir potensialı ilə seçilir?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ənənəvi olaraq sahibkarların daha çox üstünlük verdiyi istiqamət xidmət sahəsidir.

Azərbaycanda ən gəlirli bizneslər açıqlandı

Onun sözlərinə görə, ümumilikdə ölkədə istehsalla məşğul olan sahibkarların sayı xidmət sektorunda fəaliyyət göstərənlərlə müqayisədə xeyli azdır:

“Bunun əsas səbəblərindən biri istehsal sahəsinin daha riskli hesab olunmasıdır. Çünki bu istiqamətdə fəaliyyət göstərmək üçün uzunmüddətli investisiya, ciddi maliyyə vəsaiti, peşəkar kadrlar, geniş istehsal bazası və illərlə zəhmət tələb olunur. Eyni zamanda, istehsal sahəsində qoyulan sərmayənin geri dönüşü də qısa müddətdə baş vermir.

Bu səbəbdən sahibkarlar daha çox xidmət sektoruna yönəlirlər. Xidmət sahəsində fəaliyyətə başlamaq həm daha az ilkin kapital tələb edir, həm də gəlir əldə etmək baxımından daha çevik imkanlar yaradır.

Məsələn, kafelər, restoranlar, kiçik yeməkxanalar, eləcə də avtomobil sahəsi ilə bağlı bizneslər – avtomobil yuma məntəqələri, texniki xidmət və təmir mərkəzləri, ehtiyat hissələrinin satışı və digər oxşar fəaliyyət istiqamətləri sahibkarların ən çox maraq göstərdiyi sahələr sırasındadır. Bu tip bizneslərə bazarda daim tələbat olduğuna görə sahibkarlar da daha çox həmin istiqamətlərə investisiya yatırmağa üstünlük verirlər.

Təəssüf ki, daha mürəkkəb və yüksək texnologiya tələb edən istehsal yönümlü biznes sahələrinə maraq kifayət qədər deyil. Burada "mürəkkəb" dedikdə mənfi deyil, müsbət mənada daha geniş bilik, peşəkarlıq, innovasiya və uzunmüddətli planlaşdırma tələb edən fəaliyyət sahələri nəzərdə tutulur. Belə sahələr iqtisadiyyat üçün daha yüksək əlavə dəyər yaratsa da, daha böyük risk daşıdığı üçün sahibkarlar tərəfindən daha az seçilir.

Nəticədə ölkədə investisiyaların əhəmiyyətli hissəsi xidmət sektoruna yönəlir, istehsal sahəsinə isə nisbətən az vəsait yatırılır. Halbuki iqtisadiyyatın dayanıqlı inkişafı və rəqabət qabiliyyətinin artırılması baxımından istehsal sektoruna marağın və investisiyaların artması mühüm əhəmiyyət daşıyır", – deyə Natiq Cəfərli bildirib.

Nuray Paşşanlı

D
demokrat.az