Kriminal Özəl

Mərhum qardaşımın adını çəkdi, bu da mənim xoşuma gəlmədi — İçki məclisi dava ilə bitdi

Mərhum qardaşımın adını çəkdi, bu da mənim xoşuma gəlmədi — İçki məclisi dava ilə bitdi

Qusar rayonunda 55 yaşlı kişi həmkəndlisinə ağır xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qusar rayonunun Hil kəndində baş verib.

1971-ci il təvəllüdlü İzacəddin Abdullayev kənddə yerləşən bağ sahəsində həmkəndlisi Tofiklə birlikdə yeyib-içən zaman mərhum qardaşı Saliddin barədə söhbət açdığı üçün ona irad bildirib.

Bu zaman Tofik onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etdiyi üçün aralarında mübahisə yaranıb. Həmin vaxt İzacəddin Tofikin bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə yumruq, təpik zərbələri endirib, həmçinin onu dəmir boru ilə vurub.

İzacəddinə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən İzacəddin elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisədən bir müddət əvvəl Rusiyadan qayıdıb:

“Rusiyadan qayıtdıqdan bir neçə gün sonra özümə məxsus olan bağa getdim. Bağda çəpərlər dağılmışdı. Mən hadisə günü gündüz saatlarında çəpərləri düzəltdirmək üçün maşınımla bağa yollandım. Yolda olarkən Tofiklə rastlaşdım. Tofik yolun kənarında oturmuşdu. Mən və Tofik bir-birimizi kənd sakini kimi tanıyırıq. Maşını Tofikin qarşısında saxlayaraq onunla salamlaşdım. Halının yaxşı olmadığını gördüm və necə olduğunu soruşdum. Tofik əvvəlki gün axşam çox içki içdiyini və başının bərk ağrıdığını dedi.”

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Tofik ondan hara getdiyini soruşub:

“Mən bağa getdiyimi dedim. Bağa gedən yolun üstündə market var. Tofik onu marketə qədər aparmağımı xahiş etdi. Mən də etiraz etmədim. Marketin qarşısına çatanda maşını saxladım. Lakin Tofik maşından düşmədi və mənimlə birlikdə bağa getdi. Bağda Tofik çaxır içmək istədiyini dedi. Mən isə çaxır içmədiyimi, bağda araq olduğunu söylədim. Biz əyləşib araq içdik. Araq içə-içə arada işimi də gördüm. İçki məclisi zamanı hər mövzuda söhbət etdik. Həmin vaxt qonşum Fuad mal-qaranı örüş sahəsindən gətirirdi. Mən onu da araq içməyə çağırdım. Fuad gəlib bizimlə araq içdi, sonra isə getdi.”

Təqsirləndirilən şəxs bildirib ki, Tofik onu söyüb, nalayiq ifadələr işlədib və vurub:

“Bizim aramızda mübahisə baş verdi. İkimiz də yerdəki kubik daşların üstünə yıxıldıq. Mən dəfələrlə Tofikə dedim ki, ‘Sən içkilisən, çıx get buradan, mən də öz işimi görüm’. Lakin Tofik getmədi və onu necə gətirmişəmsə, elə də aparmağımı istədi. Mən Tofiki orada qoyub uzaqlaşdım ki, çıxıb getsin. Lakin kənardan baxanda gördüm ki, o, hələ də araq içməyə davam edir. Tofik bir müddət sonra oranı tərk etdi. Mən isə maşınımda yatdım. Bundan sonra baş verənləri tam xatırlamıram.”

İzacəddinin ifadəsinə görə, onun Tofiklə münasibətləri yaxşı olub:

“Hadisə vaxtı mən çox da içkili olmamışam. Amma Tofik sərxoş vəziyyətdə idi. Biz iki nəfər birlikdə 1,5 litr araq içmişdik. Tofiki evinə aparmadığıma görə mübahisə yarandı. Tofik məni üz nahiyəmdən vurdu. Üzüm şişdi, gözümün altında qaraltı yarandı. Mən də Tofiki bir dəfə yumruqla vurdum. Əgər ona ağır xəsarət yetirmiş olsaydım, oradan qalxıb 3 kilometr yolu gedə bilməzdi.”

İzacəddin ibtidai istintaq zamanı verdiyi ifadəsində isə hadisəni fərqli danışıb:

“Həmin gün saat 21 radələrində Tofik söhbət zamanı mənim mərhum qardaşım Saliddinin adını çəkdi. Bu, mənim xoşuma gəlmədi. Aramızda əvvəlcə sözlü mübahisə yarandı. Bu zaman Fuad çıxaraq öz evinə getdi. Mübahisə zamanı Tofik mənim ünvanıma nalayiq ifadələr işlətdi. Mən də əsəbiləşərək onu yumruq, təpik zərbələri ilə, həmçinin bağ sahəsində olan dəmir boru ilə vuraraq döydüm. Daha sonra dəmir borunu götürərək oradan uzaqlaşdım. Borunu meşəyə atdım. Gecə saatlarında yenidən bağ sahəsinə qayıtdım və özümə məxsus avtomobildə səhərə qədər yatdım. Səhər yuxudan oyananda Tofikin orada olmadığını gördüm. Sonra evimə getdim. Daha sonra mənə məlum oldu ki, Tofik baş vermiş mübahisə nəticəsində ağır bədən xəsarətləri alıb və barəmdə polisə müraciət edib.”

Zərərçəkmiş Tofik ifadəsində göstərib ki, hadisə günü həm o, həm də İzacəddin sərxoş vəziyyətdə olublar:

“Hadisə meşəlik ərazidə yerləşən İzacəddinə məxsus bağda baş verib. Orada araq içmişik. Sonra sözümüz düz gəlmədi, bir-birimizi söydük. İçkili olduğum üçün özümdə olmamışam.”

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İzacəddin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş cəza 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.

Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək vəzifələri qoyulub.

Fariz Məlikli

D
demokrat.az