Kolbasa və digər emal olunmuş ət məhsulları gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin bu qidaların müntəzəm qəbulunun sağlamlığa mümkün təsirləri son illər mütəxəssislərin diqqətində olan mövzulardandır. Emal prosesində istifadə olunan bəzi maddələrin və yüksək duz tərkibinin orqanizmə uzunmüddətli təsirləri ilə bağlı müxtəlif araşdırmalar aparılır.
Bəs kolbasa və digər emal olunmuş ət məhsullarının tez-tez istifadəsi hansı risklər yarada bilər? Bu məhsulları tamamilə rasiondan çıxarmaq lazımdırmı, yoxsa düzgün seçim və miqdarla istehlak etmək mümkündürmü?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında dietoloq Ləman Süleymanova bildirib ki, emal olunmuş ət məhsulları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 1-ci qrup kanserogen kimi təsnif edilir.
Onun sözlərinə görə, kanserogen dedikdə xərçəng yaranmasına səbəb ola bilən amillər nəzərdə tutulur:
“Bu kimi məhsulların tərkibinə dadını, rəngini və saxlanma müddətini yaxşılaşdırmaq məqsədilə müxtəlif qida əlavələri daxil edilir. Xüsusilə uşaqların bu məhsulları mütəmadi istehlak etməsi gələcəkdə sağlamlıq baxımından ciddi risklər yarada bilər. Qidalanma insan həyatında mühüm rol oynayır. İnsan həyatının ilk qidası ana südüdür və körpənin inkişafı üçün lazım olan əsas qida maddələri məhz ana südü vasitəsilə təmin edilir. Bu qida uşağın gələcək fiziki inkişafına, zehni fəaliyyətinə və qavrama qabiliyyətinə müsbət təsir göstərir.
Uşaqlarda dad hissi erkən yaşlardan formalaşır. Hansı qidalara öyrəşdirilirsə, gələcəkdə də həmin qidalara daha çox meyl göstərirlər. Təəssüf ki, bəzi emal olunmuş məhsulların tərkibində uşaqların dad vərdişlərinə təsir edən əlavələr olur. Bu səbəbdən uşaqlar həmin qidaları daha çox qəbul etməyə meyllənirlər. Nəticədə belə məhsulların mütəmadi istifadəsi gələcəkdə sağlamlığa, zehni inkişafa və iş qabiliyyətinə mənfi təsir göstərə bilər.
Bu kimi qidalar ilk növbədə mədəaltı vəzi və qaraciyər üçün risk faktorlarından biri ola bilər. Hazırda mənim əsas elmi fəaliyyət istiqamətim uşaq və yeniyetmələrdə piylənmənin araşdırılmasıdır. Müşahidələrim göstərir ki, artıq çəkili uşaqlarda erkən yaşlardan insulin müqaviməti inkişaf edə bilir. 2011-ci ildən bu günədək apardığım müşahidələrə əsasən, artıq çəkili uşaqların əksəriyyətində kolbasa, sosiska və digər emal olunmuş ət məhsullarına meyl müşahidə olunur. Eyni meyl böyüklərdə də müşahidə olunur”.
Dietoloq əlavə edib ki, belə qidaların həddindən artıq qəbulu ağır dərəcəli piylənməyə, qaraciyərin piylənməsinə, mədəaltı vəzin fəaliyyətinin pozulmasına, dəri problemlərinə və ümumi sağlamlıq vəziyyətinin pisləşməsinə səbəb ola bilər:
“Azərbaycanda da mənşəyi məlum olmayan və ya keyfiyyəti şübhə doğuran ət məhsulları ilə bağlı zaman-zaman narahatlıqlar səsləndirilir. Emal olunmuş ət məhsullarının hazırlanması zamanı bəzən heyvanın sümükdən ayrılan ət qalıqları, qığırdaq, dəri və digər əlavə toxumalardan istifadə olunur. Bu hissələr xüsusi avadanlıqlarda emal edilərək kütlə halına gətirilir. Belə məhsullar bütöv əzələ əti hesab edilmir və sonradan onlara müxtəlif qida əlavələri daxil edilir.
Ən böyük narahatlıq doğuran məqamlardan biri həmin məhsullara əlavə olunan kimyəvi qatqılardır. Xüsusilə natrium nitrit kimi konservantlar normadan artıq istifadə olunduqda sağlamlığa mənfi təsir göstərə bilər. Bu maddələr hüceyrə səviyyəsində toksiki təsir göstərə, xroniki iltihab proseslərini gücləndirə və uzunmüddətli istifadə zamanı bəzi xərçəng növlərinin, xüsusilə yoğun bağırsaq xərçənginin riskini artıra bilər. Məhz buna görə Ümumdünya Səhiyyə Təşkilatı emal olunmuş əti 1-ci qrup kanserogenlər siyahısına daxil edib.
Bundan başqa, məhsulun dadını, rəngini və saxlanma müddətini yaxşılaşdırmaq məqsədilə müxtəlif dadlandırıcılar, rəngləndiricilər və digər kimyəvi əlavələrdən istifadə olunur. Bəzi hallarda bu əlavələr normativ tələblərə uyğun istifadə edilmədikdə insan sağlamlığı üçün əlavə risk yarada bilər.
Səhər yeməyi günün ən vacib qidalanma vaxtlarından biridir. Buna görə də səhərlər mümkün qədər təbii və faydalı qidaların qəbul edilməsi tövsiyə olunur. Meyvə, tərəvəz, süd məhsulları və digər sağlam qidalar orqanizmi lazımi vitamin, mineral və liflə təmin edir. Emal olunmuş ət məhsullarının isə mümkün qədər az istehlak edilməsi və qidalanmada təbii məhsullara üstünlük verilməsi daha məqsədəuyğundur”.


