Sosial media platformalarının gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi gənclərin dəyər seçimlərinə, həyat tərzinə və istehlak davranışlarına ciddi təsir göstərir. Xüsusilə sosial media fenomenlərinin paylaşdıqları məzmunlar gənclər arasında bahalı həyat tərzini, marka yönümlü istehlakı və populyarlıq uğrunda rəqabəti təşviq edir.
Bəs sosial media fenomenləri gənclərin dəyər seçimlərinə və xərcləmə vərdişlərinə necə təsir edir? Bu təsirin mənfi nəticələrinin qarşısını almaq üçün ailə və təhsil sistemi hansı rolu oynamalıdır?
Sosioloq Naib Niftəliyev Demokrat.az-a açıqlamasında söyləyib ki, sosial mediada və ya sosial şəbəkələrdə hər hansı bir şəxsin fenomenə çevrilməsi həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır.
Onun sözlərinə görə, obyektiv tərəfi ondan ibarətdir ki, insanlar həmişə özləri üçün nümunə, trend və diqqətçəkən nümunələr və ya fəaliyyətlər axtarırlar:
“Bu baxımdan sosial media fenomenləri insanların psixologiyasına nüfuz edərək onların davranışlarına təsir göstərə, müəyyən mənada davranış istiqamətlərini formalaşdıra bilirlər.
Digər tərəfdən, insanların pullarını nəyə və necə xərcləməsi reklam, marketinq və sosial medianın təsiri ilə bağlı məsələdir. Sosial media fenomenləri adlandırdığımız şəxslər adətən kütlə psixologiyasını yaxşı anlayır, insanların nə istədiyini, nəyə meyil göstərdiyini və nəyə aludə olduğunu praktik səviyyədə dərk edirlər. Bu isə müəyyən davranış və istehlak vərdişlərinin formalaşmasına təsir göstərə bilir.
Bununla yanaşı, müasir dövrdə insanlar kifayət qədər düşüncəli və məlumatlıdırlar. Onlar nəyi, nə vaxt və hara xərcləməyi müəyyən qədər bilirlər. Düzdür, elə insanlar da var ki, müxtəlif təsirlər altına düşərək son qəpiklərini belə xərcləyirlər. Gənclər isə bu baxımdan daha həssas qrup hesab olunur. Onlar həm çevik, həm də fəaldırlar, eyni zamanda manipulyasiya alətlərinin təsiri altına düşmək ehtimalları daha yüksəkdir. Buna görə də maarifləndirmə və düzgün təbliğat mühüm rol oynayır.
Bu mənfi təsirləri tamamilə aradan qaldırmaq mümkün olmasa da, onların təsirini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Bunun üçün vahid sosial həll modeli təklif etmək çətindir. Çünki insan davranışı onun şəxsi düşüncəsi, dəyərləri və meylləri ilə birbaşa bağlıdır. Kim insanları daha düzgün istiqamətləndirə bilirsə, daha çox təsir gücünə malik olur. Bu baxımdan əsas məsələ gənclərlə iş siyasətinin düzgün qurulmasıdır.
Azərbaycanda gənclər siyasəti strateji istiqamətlərdən biri olsa da, bu sahədə müəyyən boşluqlar və gənclərin narazı qaldığı məqamlar mövcuddur. Həmin boşluqlardan istifadə edənlər arasında sosial media fenomenləri də var. Onlar qanunları pozmasalar da, müxtəlif maraq qruplarının və bazar seqmentlərinin maraqlarına xidmət edə, reklam vasitəsilə insanları müəyyən məhsul və ya xidmətlərə yönəldə bilirlər. Bu isə ciddi müzakirə mövzusudur.
Ailə və təhsil sistemi də bu məsələdə mühüm rol oynayır. Təklif olunan modellər, prinsiplər və qaydalar cəmiyyət üçün əlçatan, qəbul edilən və praktik tətbiq imkanına malik olmalıdır. Elə alternativlər təqdim edilməlidir ki, gənclər onları cəlbedici hesab etsinlər. Ailə dəyərləri sistemində uşaqların, yeniyetmələrin, gənclərin və digər yaş qruplarının maraqları nəzərə alınmalıdır. Aldanmaq təkcə gənclərin problemi deyil. Müxtəlif yaş qruplarından olan insanlar da manipulyasiyanın təsiri altına düşə bilərlər. Problem yaşda deyil, insanların təlqinə nə dərəcədə açıq olmasındadır. Bəzən insanlar "əgər bunu məşhur biri təbliğ edirsə, deməli doğrudur" düşüncəsi ilə yanlış seçim edirlər.
Bu risklərin qarşısını almaq üçün ictimai düşüncə sağlam informasiya ilə formalaşdırılmalıdır. İnsanlara dəqiq, obyektiv, qərəzsiz və operativ məlumat çatdırılmalıdır. Çünki ilk yayılan yanlış informasiya bəzən daha çox tərəfdar qazana bilir.
Gənclərin fəallığını və sosial davranışını nəzərə alaraq onlar üçün xüsusi maarifləndirmə proqramları hazırlanmalı, eyni zamanda məşğulluq, sosial təminat və digər problemlərin həlli istiqamətində çevik tədbirlər görülməlidir. Bununla yanaşı, yalnız gənclərə deyil, bütün vətəndaşlara diqqət və qayğı göstərilməsi vacibdir.
Yaş qruplarını bir-birindən kəskin şəkildə ayırmaq düzgün yanaşma deyil. Hər yaşın öz üstünlükləri var. Kiminsə təcrübəsi, kiminsə enerjisi, kiminsə isə potensialı daha yüksək ola bilər. Buna görə də yaş, cins, sosial status və həyat təcrübəsi birlikdə qiymətləndirilməlidir.
Əgər sosial media fenomenləri gənclərin davranışına ciddi təsir göstərə bilirlərsə, bu, gənclər siyasətində müəyyən boşluqların mövcud olduğunu göstərir. İlk növbədə həmin boşluqlar aradan qaldırılmalı, daha sonra isə real və effektiv həll modelləri hazırlanmalıdır”, - deyə sosioloq fikrini tamamlayıb.


