Sosial Özəl

Ağac kəsənlər hansı hallarda məsuliyyət daşıyır?

Ağac kəsənlər hansı hallarda məsuliyyət daşıyır?

Son dövrlərdə yaşı onillərlə ölçülən ağacların kəsilməsi və ya məhv edilməsi ilə bağlı hallar cəmiyyətdə narahatlıq doğurur. Ekoloji tarazlığın qorunmasında mühüm rol oynayan bu cür ağacların məhv edilməsi həm ətraf mühitə, həm də şəhər və kənd landşaftına ciddi təsir göstərir.

Bəs belə hallarda məsuliyyət necə müəyyən edilməlidir, qanunvericilik hansı məsuliyyət tədbirlərini nəzərdə tutur və oxşar halların qarşısını almaq üçün hansı tədbirlərin görülməsinə ehtiyac var?

Ekoloq Qorxmaz İbrahimli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə nəinki yaşı on ildən çox olan, ümumiyyətlə, heç bir ağacı kəsməyə heç kimin icazəsi yoxdur.

“Məsələn, yaşı 100 ili keçən çinar ağacları var. Belə ağacların özbaşına kəsilməsi qanunvericiliyin tələblərinə ziddir və buna yol verilə bilməz. Xüsusilə uzun illər ərzində formalaşmış, ekoloji və estetik əhəmiyyət daşıyan ağacların qorunması dövlət tərəfindən xüsusi nəzarətdə saxlanılır. Bu baxımdan, icazə olmadan ağacların kəsilməsi və ya məhv edilməsi yolverilməzdir. Qanunvericilikdə, o cümlədən qanunla nəzərdə tutulmuş hallarda Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri tətbiq edilir.

Təbii ki, istisna hallar da mövcuddur. Əgər ağac qocalıb, çürüyüb, xəstəlik səbəbindən təhlükəli vəziyyətə düşübsə və ya güclü külək, eləcə də digər təbii təsirlər nəticəsində aşmaq təhlükəsi yaradırsa, onun kəsilməsi yalnız müəyyən edilmiş prosedurlar əsasında həyata keçirilə bilər. Belə hallarda əvvəlcə aidiyyəti dövlət qurumları tərəfindən əraziyə baxış keçirilir, ağacın vəziyyəti qiymətləndirilir və bununla bağlı müvafiq akt tərtib olunur.

Bu proses Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının iştirakı ilə, qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. Yalnız rəsmi qərar və icazə əsasında təhlükə yaradan ağacın kəsilməsi mümkündür. Bundan kənar hallarda yaşıllıqların qırılması və ya məhv edilməsi yolverilməz hesab olunur və belə halların qarşısının alınması ekoloji təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə Qorxmaz İbrahimli fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az