Bakı metrosunun gələcək inkişafını müəyyən edəcək Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə avqustun 15-də start verilir.
Proses çərçivəsində tətbiq olunacaq məhdudiyyətlərin şəhər nəqliyyatına təsiri böyük maraq doğurur.
Demokrat.az-a mövzu ilə bağlı nəqliyyat eksperti Raqif Raufoğlu söyləyib ki, burada əsas məsələnin metronun bu layihəsi hansı istiqamətlərə təsir göstərəcəyidir:
“Çünki metro hazırda da kifayət qədər yüklüdür. Əgər layihə çərçivəsində bəzi stansiyalar müvəqqəti bağlanacaqsa və ya qatarlar müəyyən stansiyalarda dayanmadan keçəcəksə, yaranacaq sərnişin axınını avtobus şəbəkəsinin qarşılaya bilməsi çətin olacaq. Nəzərə almaq lazımdır ki, avtobuslar da hazırda kifayət qədər intensiv işləyir. Bununla belə, buna bənzər halların həlli ilə bağlı əvvəllər müəyyən təcrübələr olub. Məsələn, müxtəlif tədbirlər və ya iri layihələr zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi əlavə tədbirlər həyata keçirib. Yeni avtobuslar istismara verildikcə onların daha səmərəli bölüşdürülməsi də mümkün olur”.
Ekspert qeyd edib ki, əgər layihə müddətində metronun sərnişin daşıya bilməyəcəyi və ya hərəkətin məhdudlaşacağı istiqamətlər əvvəlcədən dəqiq müəyyənləşdirilərsə, həmin marşrutlar üzrə müvəqqəti ekspres avtobus xətləri təşkil oluna bilər:
“Belə təcrübəni daha əvvəl də görmüşük. Bu marşrutlar layihə başa çatanadək fəaliyyət göstərərək sərnişin yükünün bir hissəsini öz üzərinə götürə bilər. Artıq bu istiqamətlər dəqiqləşdirilib. Hər halda proses vahid mərkəzdən idarə olunduğuna görə, ekspres marşrutların təşkili müvəqqəti dövrdə yaranacaq yükün əhəmiyyətli hissəsini qarşılaya bilər”.
Beləliklə, metroda başlanacaq geoloji və tikinti işləri zamanı yerüstü nəqliyyatın çevik tənzimlənməsi şəhərdə iflicin qarşısını alacaq.


