Azərbaycanda avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib. Limitlər həm kartdan-karta köçürülən vəsaitlərin məbləği və köçürmə əməliyyatlarının sayına, həm də ümumiyyətlə kartların sayına uyğun tənzimlənib.
Kartdan karta köçürmələrə limit qoyulmasının səbəbləri, eləcə də bunun müsbət və mənfi tərəfləri nələrdir?
Bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bu addım əslində daha əvvəl atılmalı olduğunu deyib:
“Xüsusilə də kiçik marketlərdə və xırda sahibkarlıqla məşğul olan şəxslər arasında POS-terminal quraşdırmaq əvəzinə kartdan-karta ödənişlərə üstünlük verilməsi geniş yayılıb. Əvvəllər də kartdan-karta ödəniş qəbul edən sahibkarlara qarşı sanksiyaların tətbiq ediləcəyi, hətta cərimələrin nəzərdə tutulduğu açıqlanmışdı. Lakin buna baxmayaraq, bu praktika davam edirdi. Hesab edirəm ki, kartdan-karta əməliyyatlara limit tətbiq olunması vergidən yayınma hallarının qarşısının alınması baxımından doğru addımdır. Gündəlik əməliyyat limiti də kifayət qədər optimal müəyyən edilib. Statistik göstəricilərə əsasən, bir şəxs gün ərzində orta hesabla 3-7 dəfə kartdan-karta köçürmə həyata keçirir. Bu köçürmələr adətən övladlara və ya valideynlərə pul göndərilməsi, gündəlik şəxsi hesablaşmalar və digər fərdi ehtiyaclarla bağlı olur. Bu baxımdan gündəlik 5 əməliyyat limiti əksər vətəndaşların ehtiyacını qarşılayacaq səviyyədədir”.
Ekspert vurğulayıb ki, bu həddi aşan kartdan-karta əməliyyatları isə bəzi hallarda vergidən yayınma və ya qanunvericiliyə uyğun olmayan fəaliyyətlərin həyata keçirilməsi üçün istifadə oluna bilər:
“Məhz bu risklərin qarşısını almaq məqsədilə belə bir limitin tətbiqi məqsədəuyğun hesab olunur. Bu məsələ əvvəlki aylarda da müzakirə olunurdu. Hazırkı mərhələdə qərarın qəbul edilməsi sahədə mövcud boşluqların və müəyyən qanunsuz halların qarşısının alınmasına müsbət təsir göstərəcək.
Ümumilikdə bu qərarı müsbət addım hesab edirəm. Lakin bunu nağd pul dövriyyəsinin təşviq edilməsi kimi qiymətləndirmək düzgün olmaz. Çünki gündəlik 5 əməliyyat limiti kifayət qədər optimaldır və bunun bankomatlarda növbələrin yaranmasına, yaxud nağd pula tələbatın kəskin artmasına səbəb olacağı gözlənilmir. Əksinə, bu limit həm vətəndaşların gündəlik ehtiyaclarını ödəyir, həm də kartdan-karta köçürmələrdən sui-istifadə hallarının qarşısını almağa xidmət edir”.
Emin Kərimov bu qərarın eyni zamanda fintex şirkətlərinin, yəni maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən elektron pul təşkilatlarının fəaliyyətinə də müsbət təsir göstərəcəyini əlavə edib:
“Məsələn, dönərxana işlədən bir sahibkar bu günə qədər POS-terminaldan istifadə etmədən ödənişləri nağd və ya kartdan-karta köçürmə yolu ilə qəbul edirdisə, bundan sonra elektron pul təşkilatlarının təqdim etdiyi QR ödəniş, ödəniş linki, POS-terminal və virtual POS (vPOS) kimi maliyyə alətlərindən istifadə etməklə ödənişlərini daha rahat qəbul edə biləcək. Bu addım maliyyə dövriyyəsinin daha da şəffaflaşmasına, vergi öhdəliklərinin düzgün uçotunun aparılmasına və sahibkarın təsərrüfat fəaliyyətinin şəffaf şəkildə inkişafına müsbət təsir göstərəcək. Bundan əlavə, gəlirlərini rəsmi və şəffaf şəkildə göstərən sahibkarlar gələcəkdə banklardan kredit əldə edərkən, depozit yerləşdirərkən və ümumilikdə banklar və elektron pul təşkilatlarının maliyyə xidmətlərindən istifadə edərkən daha az sənəd təqdim etməklə bu prosesləri daha rahat və operativ şəkildə həyata keçirə biləcəklər”.


