Mərkəzi Asiya ölkələri və Azərbaycan tarixi "Çolpon-Ata Bəyannaməsini" imzaladılar.
İyulun 31-də Çolpon-Atada Mərkəzi Asiya ölkələri və Azərbaycan dövlət başçılarının region ölkələrinin daha sıx inteqrasiyasına həsr olunmuş qeyri-rəsmi məsləhətləşmə görüşü keçirilib.
Görüşün nəticəsində Çolpon-Ata Bəyannaməsi qəbul edilib.
Danışıqlarda Qırğızıstan prezidenti Sadır Japarov, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan prezidenti Şövkət Mirziyoyev, Tacikistan prezidenti Emoməli Rəhmon, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Azərbaycan prezidenti İlham Əliyev iştirak ediblər.
İssık-Kulda keçirilən görüş təsdiqlədi ki, regional dialoq formatı tədricən beş Mərkəzi Asiya dövlətinin hüdudlarından kənara çıxır və Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən mühüm bir həlqə kimi Azərbaycanı getdikcə daha çox özünə cəlb edir.

Çolpon-Ata Bəyannaməsinin əsas müddəalarına nəzər salsaq görərik ki, bu vacib sənəd indiyədək Türk Dövlətləri Təşkilatı, o cümlədən region ölkələri ilə Azərbaycanın ikitərəfli əlaqələri çərçivəsində bağlanmış bütün sazişləri bir-birinə bağlayaraq möhkəm hüquqi baza təşkil edir. Bu, orta dəhlizin bütövlükdə Avrasiya materiki üçün nə qədər mühüm nəqliyyat marşrutu olduğunu bir daha gözlər önünə sərir. Bəyannamənin Böyük Türk Coğrafiyasının tarixi, qədim bir nöqtəsində imzalanması isə xüsusi məna kəsb edir.
Çolpon-Ata Bəyannaməsinin əsas müddəaları aşağıdakılardır:
Tarixi-mədəni irs və beynəlxalq hüququn prinsipləri;
2. Ticarət, investisiya və nəqliyyat-logistika əməkdaşlığı;
3. Regional təhlükəsizlik - güc strukturlarının birgə, koordinasiyalı fəaliyyəti;
4. Humanitar əməkdaşlıq və turizm əlaqələri - inteqrasiya prosesinin gücləndirilməsi.
Beləliklə, tam əminliklə qeyd etmək olar ki, Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu özündə təcəssüm etdirən mühüm siyasi sənəd olmaqla yanaşı, gələcək əməkdaşlığın strateji istiqamətlərini də dəqiq müəyyənləşdirir. Materikin şimal və cənub hissəsində tüğyan edən və bitmək bilməyən müharibələr nəticədə bütün region ölkələrini Azərbaycanın illər öncə bünövrəsini atıb həyata keçirdiyi iri layihələrə qoşulmasına gətirib çıxardı. Son 30 ildə regionumuzda baş verənləri analiz etdikdə, və bu hadisələri indiki proseslərlə müqayisə etdikdə, Azərbaycanın bütün bu layihələri necə bir uzaqgörənliklə və zərgər dəqiqliyi ilə gələcəyə hesabladığını aydın görərik.

Bəli, bu üstün bir DÖVLƏT AĞILIDIR! Nəticəsi isə ölkəmizi və regionumuzu ətrafımızda baş verən kataklizlərdən nəinki zərərsiz, hətta qazanclı çıxarmaq oldu. Bu gün ətrafımızdakı böyük dövlətlərin tənəzzül yaşadığı bir dövrdə, Azərbaycan və onun incə strategiyasına uyğun davranan ölkələr sülh, əmin-amanlıq içərisində öz çiçəklənmə dövrlərini yaşayırlar.
Əlavə etmək istərdik ki, bu strateji əməkdaşlıq sənədində əksini tapan bütün müddəalar isə siyasi dialoqun dərinləşdirilməsinə, iqtisadi inteqrasiyanın genişlənməsinə, təhlükəsizliyin möhkəmləndirilməsinə və humanitar əlaqələrin inkişafına xidmət etməklə yanaşı, regionda uzunmüddətli sülh, sabitlik və davamlı inkişaf üçün çox möhkəm zəmin yaradır.

