Qüsurlu mebel almış istehlakçıların üzləşdiyi əsas problemlərdən biri satıcıların məhsulun dəyişdirilməsi ilə bağlı verdiyi vədi uzun müddət yerinə yetirməməsidir. Belə hallarda istehlakçıların hansı hüquqlara malik olduğu, hüquqlarını necə müdafiə edə biləcəyi və hansı qurumlara müraciət etməli olduqları tez-tez müzakirə olunan məsələlərdəndir.
İstehlakçı qüsurlu mebel aldığı halda satıcı məhsulun dəyişdiriləcəyini vəd etsə də, uzun müddət bu öhdəliyi yerinə yetirmirsə, vətəndaş qanunvericiliyə əsasən hansı hüquqlara malikdir? Belə hallarda istehlakçı hansı dövlət qurumuna müraciət etməlidir və istehlakçılar bu kimi hallarda ən çox hansı səhvlərə yol verirlər?
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, qüsurlu mebellərin istehlakçılara satılması ilə bağlı çoxsaylı şikayətlər daxil olur.

“Bəzən istehlakçılar tələsdikləri üçün mebeli onlayn sifariş edirlər. Bu isə tövsiyə olunan yanaşma deyil və belə alış-verişdən mümkün qədər çəkinmək lazımdır.
Bəzi hallarda istehlakçı mağazada bəyəndiyi mebeli sifariş edir, lakin ona tamamilə başqa məhsul gətirilir. Elə hallar da olur ki, mebelin bir hissəsi sifariş edilən kimi olsa da, digər hissəsi fərqli olur. Qüsurlu mebellərin istehlakçılara çatdırılması halları da qeydə alınır. Bu, istehlakçıların ən geniş yayılmış problemlərindən biridir.
Təəssüf ki, Azərbaycanda biznes subyektləri üçün yaradılmış əlverişli şəraitdən bəzi sahibkarlar sui-istifadə edərək istehlakçı hüquqlarını pozurlar. İstehlakçı hüquqlarını qoruyan dövlət qurumu isə bu sahədə kifayət qədər effektiv fəaliyyət göstərmir.
Qüsurlu mebel satışı nəticəsində hüquqları pozulan istehlakçılara tövsiyə edirəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nömrələri ilə əlaqə saxlayaraq müraciət etsinlər.
İstehlakçılar mütləq ödəniş zamanı verilən kassa çekini saxlamalıdırlar. Aldadılmamaq üçün mebellərin mümkün qədər onların gözü qarşısında yığılması və satıcının əməkdaşları tərəfindən evdə quraşdırılması məqsədəuyğundur. Çünki mebel quraşdırıldıqdan sonra bir çox qüsurlar üzə çıxır.
Azad İstehlakçılar Birliyi də hüquqları pozulmuş istehlakçıların müraciəti əsasında onlara tam təmənnasız hüquqi dəstək göstərməyə hazırdır”, – deyə Eyyub Hüseynov fikrini tamamlayıb.


