Gədəbəy rayonunda qohumlar arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1983-cü il təvəllüdlü Elxan həmkəndlisi və qohumu Vüsalə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Buna səbəb Vüsalənin iribuynuzlu heyvanlarını otlaqdan onun əkin sahəsinin yanından evinə aparması olub. Aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranan mübahisə zamanı Elxan istintaqa məlum olmayan dəmir parçası ilə Vüsalənin əvvəlcə əlinə, sonra isə qollarına vurub.
Elxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Elxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası Sona ilə birlikdə Gədəbəy rayonunun kəndində yaşayır:
“Heç yerdə işləmədiyimə görə təsərrüfatla, əkin-biçinlə məşğulam. Zərərçəkmiş Vüsalə bizim qonşumuzdur. Əvvəllər aramızda hər hansı ədavət və ya düşmənçilik olmayıb”.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü saat 20 radələrində Gədəbəy rayonunun kəndində yerləşən həyətyanı sahələrində anası ilə birlikdə olarkən kəndin heyvanları növbədən qayıdıb və hər kəs öz heyvanlarını qarşılamaq üçün yola çıxıb:
“Həmin vaxt Vüsaləyə məxsus heyvanlar bizim həyətə daxil olaraq kələm sahəsinə ziyan vurdu. Mən də əsəbiləşərək Vüsaləyə irad bildirdim, aramızda mübahisə yarandı. Vüsalə mənim anama hücum edərək onu vurmaq istədi. Mən qarşısını almaq məqsədilə əlimdə olan dəmir parçası ilə onun əlinə vuraraq xəsarət yetirdim”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, barəsində amnistiya aktının tətbiq olunaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.
Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində amnistiya aktı tətbiq olunub və o, cinayət məsuliyyətindən azad edilib.


