Ötən gün 8 nəfər Zaqatala şəhəri ərazisində müxtəlif iaşə obyektlərində yedikləri dönərdən zəhərlənərək xəstəxanaya müraciət edib. Bu hadisə qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Bəs belə halların əsas səbəbləri nələr ola bilər və iaşə obyektlərində hansı qaydalara daha ciddi əməl olunmalıdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti Ağa Salamov bildirib ki, dönərdən zəhərlənmə halları həqiqətən də çoxdur.
Onun sözlərinə görə, bu cür hadisələrin sayı artır:
“Təəssüf ki, həm AQTA tərəfindən aparılan maarifləndirmə işlərinə, həm də mütəxəssislərin xəbərdarlıqlarına baxmayaraq, bəzi məsuliyyətsiz sahibkarlar bu çağırışlardan nəticə çıxarmırlar. Onlar gördükləri işin nə qədər ciddi, təhlükəli, hətta insan həyatı üçün ölümcül nəticələr doğura biləcəyinin hələ də fərqində deyillər.
Təbii ki, dönər riskli qida məhsuludur. Bu, həm ət dönərinə, həm də toyuq dönərinə aiddir. Məsələn, Zaqatalada küçə dönərlərinin böyük əksəriyyəti toyuq dönəridir. Bakıda da vəziyyət oxşardır. Bunun əsas səbəbi toyuq ətinin daha ucuz olmasıdır. Lakin toyuq əti bakterial çirklənməyə daha çox məruz qalır. Ət də risklidir, lakin toyuq əti xüsusilə salmonella kimi bakteriyalarla daha tez çirklənə bilir. Bakterial yük normadan artıq olduqda isə qida zəhərlənməsi baş verir.
Zəhərlənmənin səbəblərindən biri də dönərin düzgün emal edilməməsidir. Bundan əlavə, daşınma zamanı soyuq zəncirin qorunmaması, məhsulun lazımi temperaturda saxlanılmaması da təhlükə yaradır. Digər mühüm amil isə sanitar-gigiyena qaydalarına əməl edilməməsidir. Çarpaz çirklənmə nəticəsində çirkli bıçaq, çirkli iş səthi və ya lazımi qaydada təmizlənməyən avadanlıqlar bakterial yükü artırır və bu da qida zəhərlənməsinə səbəb olur.
Çox vaxt görürük ki, dönər əti şişə taxılmazdan əvvəl və ya şişə taxıldıqdan sonra saatlarla otaq temperaturunda saxlanılır. Xüsusilə yay aylarında bu, daha böyük risk yaradır. Ətin uzun müddət isti mühitdə qalması bakteriyaların sürətlə çoxalmasına səbəb olur. Xalq arasında buna "ətin boğulması" deyirlər. Elmi baxımdan isə bu, bakterial çirklənmənin artması deməkdir. Emal prosesinin uzun çəkməsi də təhlükəni artırır.
Digər riskli məhsullardan biri də mayonezdir. Mayonez mütləq soyuducuda və ya xüsusi soyuducu vitrinlərdə saxlanılmalıdır. Həmin vitrinlərdə xiyar, pomidor və digər qarnirlər kimi souslar da yerləşdirilməlidir. Təəssüf ki, bir çox dönərxanada mayonez otaq temperaturunda saxlanılır. Daha sonra çörəyə çəkilir və ya dönərin içinə əlavə edilir. Bu da qida zəhərlənməsi riskini artırır.
İstehlakçılara tövsiyəm odur ki, yalnız tanıdıqları və etibar etdikləri yerlərdən dönər alsınlar. Dönər ətinin uyğunluq sertifikatını və baytarlıq nəzarətindən keçdiyini təsdiqləyən sənədləri tələb etsinlər. Əslində isə bu sənədləri istehlakçı istəməməlidir. Dönərxanalar və restoranlar həmin sənədləri görünən yerdə nümayiş etdirməlidirlər ki, hər kəs onları görə bilsin.
Lakin uyğunluq sertifikatının olması təkbaşına təhlükəsizliyə zəmanət vermir. Məsələn, ət müəssisəyə düzgün şəraitdə gətirilə bilər, soyuq zəncir pozulmaya bilər. Amma sonradan dönərxanada düzgün saxlanılmazsa, otaq temperaturunda uzun müddət qalarsa və ya sanitar-gigiyena qaydalarına əməl edilməzsə, yenə də çirklənə bilər. İşçi əlcəkdən istifadə etməzsə, bıçağı və iş səthini lazımi qaydada təmizləməzsə, antisanitar şəraitdə işləyərsə, zəhərlənmə riski artır.
Bəzən görürük ki, işçilərin xüsusi iş geyimi olmur. Evdən hansı geyimdə gəlirlərsə, həmin paltarla işləyirlər. Halbuki iş yerində xüsusi uniforma geyinilməli, baş örtüyündən istifadə olunmalıdır. Çünki saç tellərində belə stafilokok bakteriyası ola bilər. Təəssüf ki, əksər dönərxanalarda işçilər başı açıq işləyirlər. Bu isə qida təhlükəsizliyi baxımından ciddi pozuntudur.
Belə şəraitdə zəhərlənmə ehtimalı əhəmiyyətli dərəcədə artır. Sadəcə olaraq bütün hallarda ağır zəhərlənmə baş vermir. Bəzən insanlar dönər yedikdən sonra evə gedib qarın ağrısı, ürək bulanması, başgicəllənmə, köp və şişkinlik kimi əlamətlər hiss edirlər. Bunu çox vaxt isti hava və ya günvurma ilə əlaqələndirirlər. Halbuki bunlar yüngül qida zəhərlənməsinin əlamətləri ola bilər. Ağır hallarda isə insanlar xəstəxanaya yerləşdirilir və bu zaman hadisə ictimailəşir. Əslində isə çoxsaylı yüngül zəhərlənmə halları qeydə alınmadan qalır.
Bütün bunlar göstərir ki, dönərxanalarda sanitar-gigiyena qaydalarına ciddi əməl olunmalı, işçilər xüsusi geyim, əlcək və baş örtüyündən istifadə etməli, qida təhlükəsizliyi tələbləri daim nəzarətdə saxlanılmalıdır”, - deyə ekspert fikrini tamamlayıb.


