Sosial Özəl

Hansı iş modeli daha məhsuldardır? — Açıqlama

Hansı iş modeli daha məhsuldardır? — Açıqlama

Müasir əmək bazarında eyni sahədə fəaliyyət göstərən şirkətlərdə işin təşkili fərqli formalarda həyata keçirilir. Bəzi əməkdaşlar işlərini məsafədən, yəni evdən yerinə yetirməyə üstünlük verdiyi halda, digərləri ofis mühitində çalışmağı daha səmərəli hesab edir. Hər iki iş modelinin öz üstünlükləri və çətinlikləri mövcuddur.

Maraqlıdır, eyni sahədə fəaliyyət göstərən əməkdaşların iş yerinin fərqli olması onların məhsuldarlığına təsir edirmi?

Demokrat.az-a bu barədə açıqlama verən insan resursları və işə qəbul üzrə mütəxəssis Sevda Quliyeva iş yerinin fərqli olması əməkdaşların məhsuldarlığına təsir göstərə biləcəyini deyib:

Hansı iş modeli daha məhsuldardır? — Açıqlama

“Lakin bu təsir təkcə işin harada görülməsindən deyil, həm də işin xarakterindən, şirkətin idarəetmə yanaşmasından və əməkdaşın fərdi xüsusiyyətlərindən asılıdır. Məsafədən işləyən əməkdaşlar yol və vaxt itkisinin olmaması, daha çevik iş qrafiki və rahat iş mühiti sayəsində yüksək məhsuldarlıq göstərə bilərlər. Bununla yanaşı, ünsiyyətin zəifləməsi, komanda ruhunun azalması və diqqəti yayındıran amillər onların iş keyfiyyətinə mənfi təsir göstərə bilər”.

Mütəxəssis əlavə edib ki, ofisdə çalışan əməkdaşlar isə komanda üzvləri ilə operativ ünsiyyət, rəhbərlə birbaşa əlaqə və əməkdaşlıq imkanları baxımından üstünlük əldə edirlər:

“Xüsusilə yaradıcılıq, koordinasiya və operativ qərarvermə tələb edən işlərdə ofis mühiti daha səmərəli ola bilər. Bununla belə, yolda sərf olunan vaxt, iş mühitindəki səs-küy və digər diqqət yayındıran amillər məhsuldarlığın azalmasına səbəb ola bilər. Eyni sahədə fəaliyyət göstərən əməkdaşların fərqli iş modellərində çalışması məhsuldarlığa təsir etsə də, hansı modelin daha effektiv olması ilə bağlı vahid yanaşma yoxdur. Ən uğurlu seçim işin xüsusiyyətlərinə, əməkdaşın bacarıqlarına və şirkətin korporativ mədəniyyətinə uyğun çevik və balanslaşdırılmış iş modelinin tətbiqidir. Məhz bu səbəbdən bir çox təşkilat hibrid iş modelinə üstünlük verir. Bu model həm əməkdaş məmnuniyyətinin artırılmasına, həm də biznes nəticələrinin daha effektiv olmasına töhfə verə bilir”.

Fidan Hacızadə

D
demokrat.az