Kriminal Özəl

Canlı yayımda yazdığı rəyə görə dava düşdü — "Şəkillərimi paylaşdı..."

Canlı yayımda yazdığı rəyə görə dava düşdü — Şəkillərimi paylaşdı...

Bakının Xətai rayonunda 45 yaşlı kişi sosial şəbəkədə tanış olduğu şəxsə xəsarət yetirməkdə təqsirləndirilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Gəncə prospektində yerləşən orta məktəblərdən birinin yaxınlığında baş verib.

Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan (ad şərtidir – red.) sosial şəbəkədə tanış olduğu Elnurla (ad şərtidir – red.) mübahisə edib. Şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı o, Elnurun bədəninin müxtəlif nahiyələrinə əl, baş və dəmir açarla zərbələr endirərək ona xəsarətlər yetirib.

Faktla bağlı Orxan barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmədə ifadə verən Orxan bildirib ki, Elnurla "TikTok" sosial şəbəkəsi vasitəsilə tanış olub:

"Elnurun canlı yayımına qoşulanda erməni əsilli bir şəxslə mehriban danışdığını gördüm və həmin şəxsi təhqir etdim. Bundan sonra Elnur məni canlı yayımdan uzaqlaşdırdı, daha sonra isə mənə məxsus şəkilləri icazəm olmadan öz səhifəsində paylaşdı. Mən də iradımı ona şəxsi mesajla bildirdim və qara siyahıya əlavə etdim."

Orxanın sözlərinə görə, hadisə günü səhər saat 06:00 radələrində "TikTok"da yayıma qoşularkən Elnur haqqında mənfi fikirlərin səsləndirildiyini görüb:

"Mən də müzakirəyə qoşuldum və Elnurun Azərbaycanı nüfuzdan saldığını düşündüyüm üçün iradlarımı bildirdim. Daha sonra Elnur canlı yayıma qoşularaq məni nalayiq ifadələrlə təhqir etdi. Əsəbiləşərək ona şəxsi mesajla mobil nömrəmi göndərdim və zəng etməsini istədim. Lakin zəng etmədi."

Orxan bildirib ki, sonradan Elnur onu yenidən təhqir edib və söhbət etmək üçün Xətai rayonu ərazisində yerləşən məktəbin yanına gəlməsini istəyib:

"Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən evimdən çıxaraq idarə etdiyim 'Nissan Sunny' markalı avtomobillə həmin ünvana getdim. Ora çatdıqdan sonra Elnura mesaj yazdım. Təxminən saat 08:00 radələrində o gəldi. Əvvəlcə onu söhbət etmək üçün avtomobilimə dəvət etdim və məsələni sakit şəkildə həll etmək istədim. Lakin o, bundan aqressiv şəkildə imtina etdi."

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra məktəbin hasarının yanında söhbət edərkən Elnur onun başına toxunub:

"Bundan sonra ilk olaraq başımla onun üz nahiyəsinə zərbə vurdum. Daha sonra aramızda əlbəyaxa dava başladı. Mən ona diz və yumruq zərbələri endirdim. Elnurun baş nahiyəsində qanaxma başladı. Oradan uzaqlaşmaq istəyərkən o, arxamca gəldi. Bu zaman üzərimdə olan dəmir açarı onu özümdən uzaqlaşdırmaq üçün bir neçə dəfə havada fırlatdım. Həmin açarla onu vurmamışam, sadəcə qorxutmaq istəmişəm."

Zərərçəkmiş Elnur isə ifadəsində bildirib ki, təxminən üç ildir "TikTok" platformasında "Maximus" adı ilə fəaliyyət göstərir və əsas məqsədi Azərbaycanın tarixini, mədəniyyətini və milli dəyərlərini tanıtmaqdır.

Onun sözlərinə görə, hadisədən əvvəl açdığı canlı yayımda Orxanı etik davranış qaydalarını pozduğuna görə efirə buraxmayıb. Bundan sonra Orxan ona şəxsi mesaj yazaraq görüşmək istədiyini bildirib.

"Orxanın təklifini qəbul etdim və yaşadığım binanın yaxınlığındakı orta məktəbin yanında görüş təyin etdik. Səhər saatlarında onun mesajını gördükdən sonra evdən çıxaraq həmin ünvana getdim."

Elnur ifadəsində daha sonra Orxanla mübahisə etdiyini və dava zamanı müxtəlif bədən xəsarətləri aldığını bildirib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin qərarı tətbiq olunub. Nəticədə Orxan cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Həmçinin onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri də ləğv olunub.

Fariz Məlikli

D
demokrat.az