Şəmkir rayonunda 1984-cü il təvəllüdlü Fazil Qəribov həmyerlisi və həmyaşıdı Cəfər Tağıyevi, eləcə də onun bacısı oğlu, 2007-ci il təvəllüdlü Heydər Həsənovu bıçaqlamaqda təqsirləndirilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 12 iyun 2025-ci il tarixdə, saat 12:00 radələrində Bakı–Qazax magistral avtomobil yolunun Qazax istiqamətində, Şəmkir rayonu İpək Yolu qəsəbəsində yerləşən mərmər-qranit sexində baş verib.
İstintaq materiallarına əsasən, Fazil həmin sexdə yeznəsinin icarə əsasında işlətdiyi müəssisədə fəhlə kimi çalışıb. Bir neçə gün əvvəl sexdən mərmər alan Şəmkir sakini Cəfər Tağıyev ustası Elvinlə birlikdə sexə gələrək aldığı mərmərlərin qüsurlu olduğunu bildirib və pulunun geri qaytarılmasını tələb edib.
Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı onlar bir-birlərinin ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədiblər. İstintaqın məlumatına görə, Cəfər Fazilə əl və ayaq zərbələri endirib, Fazil isə Elvini vurub. Bundan sonra Cəfər və yanındakı şəxs ərazidən uzaqlaşıblar.
Lakin həmin gün saat 14:00 radələrində Cəfər yenidən sexə qayıdaraq mübahisəni davam etdirib. Bu zaman Fazil bıçaqla Cəfərə və hadisəni ayırmağa çalışan Heydərə xəsarətlər yetirib.
Fazilə qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən Fazil ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Cəfər aldıqları mərmərlərin bir neçəsinin sınıq olduğunu deyərək narazılıq edib:
"Daşlara baxanda 2-3 ədədinin sınıq olduğunu gördüm. Cəfər yeznəmlə mübahisə etdi. Mən onları sakitləşdirmək üçün araya girdim. Mübahisə zamanı Cəfər nalayiq ifadələr işlətdi. Mən də cavab verdim və aramızda mübahisə yarandı. Sonradan razılığa gəldik, daşlar geri qaytarıldı və pul da ödənildi."
Fazilin sözlərinə görə, bir müddət sonra Cəfər yenidən sexə gələrək söyüş söyüb və mübahisəni davam etdirib:
"Cəfər yenidən bacıma qarşı nalayiq ifadələr işlətdi. Mən bunu qəbul edə bilmədim. Ehtiyat məqsədilə götürdüyüm mətbəx bıçağı ilə onun qarın nahiyəsinə zərbə vurdum. Hadisədən sonra Cəfərlə barışmışam."
Təqsirləndirilən şəxs əlavə edib ki, sex yeznəsi tərəfindən icarəyə götürülüb və özü orada fəhlə kimi çalışıb.
Zərərçəkmiş Cəfər isə ifadəsində bildirib ki, mərmərlərdə çatlar olduğu üçün sexə qayıdaraq pulunu tələb edib. Onun sözlərinə görə, əvvəlcə tərəflər arasında razılıq əldə olunsa da, sonradan yenidən mübahisə yaranıb.
"Fazil əvvəlcə mənə qarşı nalayiq ifadələr işlətdi, sonra isə bıçaq çıxardı. Mən geri çəkilərkən ayağım mərmərə ilişdi və yıxıldım. Həmin an məni bıçaqladı. Bacım oğlu Heydər bizi ayırmaq üçün yaxınlaşanda Fazil onu da baş nahiyəsindən bıçaqla vurdu."
Cəfər bildirib ki, ilk mübahisədən sonra pulun bir hissəsini, ikinci mübahisədən sonra isə qalan məbləği də geri alıb. O həmçinin qeyd edib ki, hadisə zamanı barışmaq niyyəti ilə gəldiyini, heç vaxt nalayiq ifadələr işlətmədiyini düşünür.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fazilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq bu cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.
Həmçinin onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub.
Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, Fazilin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək öhdəliyi qoyulub.


