İqtisadiyyat Özəl

"İşğaldan azad olunan ərazilər 10 ildən sonra iqtisadiyyatın motoruna çevrilə bilər"

İşğaldan azad olunan ərazilər 10 ildən sonra iqtisadiyyatın motoruna çevrilə bilər

Böyük Qayıdış Proqramı təkcə işğaldan azad olunmuş ərazilərə insanların köçünü deyil, həm də həmin bölgələrin iqtisadi potensialının yenidən formalaşdırılmasını nəzərdə tutur. Həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, infrastruktur layihələrinin həyata keçirilməsi, yeni yaşayış məntəqələrinin salınması və sosial obyektlərin yaradılması Azərbaycanın gələcək inkişaf strategiyasında mühüm istiqamətlərdən biri hesab olunur.

Bəs Böyük Qayıdış proqramı Azərbaycanın gələcək inkişafına necə təsir edəcək? İşğaldan azad olunmuş ərazilərin bərpası və insanların həmin bölgələrə qayıtması ölkə iqtisadiyyatına hansı töhfələri verə bilər?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a bildirib ki, əgər nəzərdə tutulmuş bütün parametrləri lazımi şəkildə yerinə yetirə bilsək, ayrılan vəsaitin səmərəli xərclənməsini təmin edə bilsək və işğaldan azad olunmuş bölgələrə yaxın 10 il ərzində 1 milyon insanın köçünü təmin edə bilsək, təbii ki, həmin bölgələr Azərbaycan iqtisadiyyatında ciddi rol oynayacaq.

Onun sözlərinə görə, bunun üçün çox böyük cəlbedici layihələrə ehtiyac var:

“Təkcə mənzil təminatı deyil, həm də oradakı biznes imkanlarının genişləndirilməsi, ümumiyyətlə, fürsətlərin artırılması ilə bağlı təcili qərarlar qəbul edilməlidir. Mədəni infrastruktur inkişaf etdirilməli, universitet şəhərcikləri yaradılmalıdır. Necə ki, Xankəndi bunun üçün çox gözəl nümunə hesab oluna bilər.

Bundan başqa, bəzi dövlət qurumları da işğaldan azad olunmuş bölgələrə köçürülməlidir. Bu, Böyük Qayıdış Proqramına və insanların həmin ərazilərə köçünə ciddi dəstək verə bilər.

Yəni fürsətlər var, yaxşı fürsətlər var. Bu fürsətləri dəyərləndirərək işğaldan azad olunmuş bölgələrimizi 5–10 ildən sonra Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsinə, başqa sözlə, motoruna çevirmək mümkündür”, – deyə iqtisadçı fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az