Son statistikaya görə, Azərbaycanda əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri ilə qeydiyyatda olanların sayı 323 mini ötüb, ən yüksək göstərici isə Bakıda qeydə alınıb. Bu artımın əsas səbəbləri nədir?
Demokrat.az-a məsələ ilə bağlı danışan tibb elmləri doktoru, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, rəsmi statistikada qeyd olunan 323 mindən çox xəstəlik halını şərh edərkən bir məqama diqqət yetirmək lazımdır.

Onun sözlərinə görə, əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri anlayışına təkcə nevroloji xəstəliklər deyil, eyni zamanda göz, burun və qulaq xəstəlikləri də daxildir:
“Buna görə də rəqəmin artmasını yalnız sinir sistemi və psixi sağlamlıq problemləri ilə əlaqələndirmək düzgün olmaz. Bununla yanaşı, böyük şəhərlərdə, xüsusilə Bakıda bu göstəricinin yüksək olması bir neçə amillə izah oluna bilər. İlk növbədə, urbanizasiya, əhalinin sıxlığı, intensiv iş rejimi, xroniki stress, yuxu pozğunluqları və fiziki aktivliyin azalması sinir sistemi xəstəliklərinin inkişaf riskini artırır. Digər tərəfdən, insanların uzun müddət kompüter və telefon ekranları qarşısında qalması həm görmə problemlərinin, həm də boyun-çiyin nahiyəsində gərginlik və baş ağrılarının artmasına səbəb olur. Bu isə dolayısı ilə nevroloji şikayətlərin çoxalmasına gətirib çıxarır.
Ekoloji amillər, xüsusilə hava çirklənməsi, səs-küy və şəhər mühitinin yaratdığı davamlı gərginlik də ümumi sağlamlığa mənfi təsir göstərən risk faktorları sırasındadır. Həmçinin Bakıda ixtisaslaşmış tibb müəssisələrinin və diaqnostik imkanların daha geniş olması səbəbindən xəstəliklərin aşkarlanması və qeydiyyata alınması səviyyəsi regionlarla müqayisədə daha yüksəkdir. Bu da statistik fərqin formalaşmasına təsir edən mühüm amillərdən biridir.
Hesab edirəm ki, bu sahədə yalnız müalicəyə deyil, profilaktikaya da üstünlük verilməlidir. Sağlam həyat tərzi, kifayət qədər yuxu, müntəzəm fiziki aktivlik, ekran qarşısında keçən vaxtın məhdudlaşdırılması, stressin idarə olunması və dövri tibbi müayinələr həm sinir sistemi, həm də hissiyyat orqanları ilə bağlı xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır”, – deyə Rəşad Mahmudov fikrini tamamlayıb.


