Kriminal Özəl

Tikinti icazəsi adı ilə 3 500 manat aldı, amnistiya ilə azad oldu

Tikinti icazəsi adı ilə 3 500 manat aldı, amnistiya ilə azad oldu

Bakının Sabunçu rayonunda tikintiyə icazə almaq vədi ilə dələduzluq edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü Bəhram (ad şərtidir – red.) etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zahirə (ad şərtidir – red.) qarşı dələduzluq edib.

O, Zahirə məxsus Sabunçu rayonu, Zabrat qəsəbəsi, M. Mirzəyev küçəsində yerləşən 3 sot torpaq sahəsində tikinti aparılması üçün müvafiq icazə alacağına dair yalan vəd verərək onu aldadıb.

İstintaq materiallarına görə, Bəhram bu bəhanə ilə Zahirdən 3500 manat alaraq mənimsəyib. Lakin verdiyi vədə əməl etməyib və aldatma yolu ilə Zahirə qarşı dələduzluq edib.

Faktla bağlı Bəhram barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb və iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, barəsində olan cinayət təqibinə amnistiya aktının tətbiq edilməklə xitam verilməsini xahiş edib.

Zərərçəkmiş Zahir isə ondan şikayətçi olmadığını bildirib. O, təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın tam ödənildiyini deyib.

Məhkəmənin hökmü ilə Bəhram barəsində amnistiya aktı tətbiq edilib və o, cinayət məsuliyyətindən azad olunub. Həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad olunub.

Fariz Məlikli

D
demokrat.az