Turizm Özəl

Azərbaycana turist axınına nə mane olur? — Açıqlama

Azərbaycana turist axınına nə mane olur? — Açıqlama

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk yarısında Azərbaycanda mehmanxanalarda gecələmələrin sayı 8,3 faiz azalıb. Bəs bu azalma turist axınının zəifləməsi, yüksək qiymətlər, xidmət keyfiyyəti, yoxsa regionlar üzrə turizm məhsullarının kifayət qədər rəqabətqabiliyyətli olmaması ilə bağlıdır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev bildirib ki, Azərbaycana gələn turist sayının azalmasının əsas səbəblərindən biri dünyada baş verən geosiyasi gərginlikdir.

Onun sözlərinə görə, müharibədən və Hörmüz boğazı ətrafında yaranmış siyasi gərginlikdən əvvəlki statistikaya nəzər saldıqda görünür ki, Azərbaycana Körfəz ölkələrindən daha çox turist gəlirdi:

“Eyni zamanda Asiya ölkələrindən Azərbaycana gələn aviareyslər də Körfəz ölkələrinin hava məkanından keçərək həyata keçirilirdi. Hazırda isə həm Körfəz ölkələrinin bəzi hava limanlarının məhdud fəaliyyət göstərməsi, həm də hava məkanındakı məhdudiyyətlər Körfəz ölkələrindən Azərbaycana olan reyslərin təxirə salınmasına səbəb olur. Bununla yanaşı, Asiya ölkələrindən gələn aviareyslərin marşrutlarının dəyişdirilməsi də turist sayının azalmasına təsir edən amillərdən biridir.

Nəzərə almaq lazımdır ki, Körfəz ölkələri Azərbaycan üçün yeganə turizm bazarı deyildi. Bununla belə, Rusiya-Ukrayna müharibəsi, həmçinin Hörmüz boğazı ətrafında yaranmış gərginlik beynəlxalq logistikaya ciddi təsir göstərib. Logistika turizmlə birbaşa əlaqəli olduğundan, turizm marşrutlarında da mühüm dəyişikliklər baş verib.

Məsələn, əvvəllər 3–4 saat davam edən uçuşların 7–8 saata qədər uzanması aviayanacaq və xidmət xərclərini artırır. Bundan əlavə, alternativ marşrutlardan istifadə bəzi ölkələrə tranzit ödənişlərinin edilməsini zəruri edir. Bütün bunlar uçuşların maya dəyərini artırır. Nəticədə əvvəllər 1000–1200 dollara satılan turpaketlər hazırda 1500–1800 dollara başa gəlir. Bu da turistlərin səyahət imkanlarını azaldır.

Hesab edirəm ki, Azərbaycana gələn turist sayının qismən azalması dünyada baş verən geosiyasi gərginlik, müharibələrin coğrafiyasının genişlənməsi və bu proseslərə cəlb olunan ölkələrdə insanların səyahət imkanlarının zəifləməsi ilə bağlıdır. Artıq həmin ölkələrin vətəndaşlarının nəinki Azərbaycana, ümumiyyətlə, xarici ölkələrə səfər etmək imkanları əvvəlki kimi deyil”.

Ekspertin sözlərinə görə, ikinci mühüm amil Rusiyada qəbul edilən son qərarlardır:

“Ordunun daha da gücləndirilməsi istiqamətində atılan addımlar və hərbi heyətin sayının artırılması onu göstərir ki, yaxın dövrdə Rusiya vətəndaşlarının ölkədən kənara səfərlərinə müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. Nəzərə alsaq ki, Rusiya Azərbaycan üçün əsas turizm bazarlarından biridir, həmin ölkədə iqtisadi vəziyyətin pisləşməsi və əhalinin sosial rifahının azalması turizm sektoruna da mənfi təsir göstərir.

Bütün bunlara baxmayaraq, Azərbaycan geosiyasi gərginlikdən kənarda qalan, təhlükəsiz ölkələrdən biridir. Hesab edirəm ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm və təhlükəsiz nəqliyyat dəhlizlərindən biri kimi dünya üçün əhəmiyyətini qoruyur.

Şimalımızda Rusiya-Ukrayna müharibəsi, cənubumuzda isə İran ətrafında yaranmış gərginlik fonunda Azərbaycanın hava məkanı Avropa ilə Asiyanı birləşdirən ən təhlükəsiz marşrutlardan biri hesab olunur. Bunu beynəlxalq aviasiya da nəzərə alır.

Bu amillər Azərbaycanın turizm sektoru üçün müəyyən risklər yaratsa da, ölkədə sabitliyin və təhlükəsizliyin qorunması uzunmüddətli perspektivdə turizm potensialının saxlanılmasına müsbət təsir göstərə bilər”, – deyə Rəhman Quliyev fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az