Sükan arxasında qəfil ölüm təhlükəsi getdikcə artır. Şəxsi nəqliyyat vasitəsini idarə edərkən sürücülərin səhhətinin qəfil pisləşməsi son zamanlar tez-tez faciə ilə nəticələnir. Həkimlər uzunmüddətli hərəkətsizliyin insan orqanizminə vurduğu ağır zərbələrdən xəbərdarlıq edirlər.
Terapevt Şahvələd Məmmədov mövzu ilə bağlıDemokrat.az-a açıqlamasında söyləyib ki, sürücülərdə qəfil səhhətin pisləşməsi və bəzən qəfləti ölümlə nəticələnən hallara son dövrlərdə daha çox rast gəlinir.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri uzun müddət hərəkətsiz vəziyyətdə, xüsusilə də uzun məsafələrdə avtomobil idarə etməkdir:
“Uzunmüddətli hərəkətsizlik (adinamiya) orqanizmdə maddələr mübadiləsinin və qan dövranının zəifləməsinə səbəb olur. Nəticədə qanın qatılaşması baş verir və tromboflebit kimi təhlükəli vəziyyətlərin yaranma riski artır. Bu isə öz növbəsində qəfləti ölüm riskini yüksəldə bilər. Belə halların xüsusilə siqaret çəkən kişilər arasında daha çox müşahidə olunması da diqqət çəkir.
Ümumilikdə, uzun müddət hərəkətsiz qalmaq sağlamlıq üçün ciddi risk faktorlarından biridir”.
Qeyd edək ki, Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, "Niva" markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Əlizadə Əliyev idarəetməni itirib. Nəticədə avtomobil su kollektoruna düşüb. Sürücünün sükan arxasında olarkən ürək tutması keçirərək vəfat etdiyi ehtimal edilir.


