Bakının Sabunçu rayonunda 33 yaşlı kişinin həyat yoldaşına xəsarət yetirməsi ilə bağlı cinayət işinə baxılıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ramana qəsəbəsində, Sovxoz Ramana yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində baş verib.
Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü Yavər (ad şərtidir) yaşadığı evdə həyat yoldaşı Gülgəzlə (ad şərtidir) mübahisə edib.
Araşdırma zamanı məlum olub ki, şəxsi münasibətlərin pozulması zəminində yaranan mübahisə zamanı Yavər qəsdən yumruq zərbələri ilə həyat yoldaşının bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib.
Faktla bağlı Yavərə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona verilən ittiham üzrə təqsirli bilib. O, zərərçəkmişlə barışdığını bildirərək, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən Yavər cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.


