Sağlamlıq Özəl

Belə dərmanlar sonsuzluq yaradır — Professor

Belə dərmanlar sonsuzluq yaradır — Professor

Bəzi həvəskar və peşəkar idmançılar əzələ kütləsini tez artırmaq üçün anabolik steroidlərdən və testosteron tərkibli preparatlardan icazəsiz istifadə edirlər. Həkim nəzarəti olmadan vurulan bu iynələr insan orqanizmi üçün ciddi təhlükə yaradır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, xüsusilə yeniyetmələrin, cinsi yetişkənlik və keçid dövründə olan gənclərin bu cür preparatlardan istifadə etməsi daha ağır nəticələrə səbəb olur:

“Belə hallarda sonradan reproduktiv funksiyanın zəifləməsi, hətta tamamilə itməsi riski yaranır. Əslində hər kəs başa düşməlidir ki, idmanla məşğul olmaq vacib və faydalıdır. Lakin peşəkar səviyyədə bədən quruculuğu ilə məşğul olmaq istəyən şəxslərdə müəyyən təbii baza olmalıdır. Yəni əzələ kütləsi, çiyin və döş qəfəsinin quruluşu, boy kimi fiziki göstəricilər müəyyən səviyyədə olduqda onların üzərində nəticə əldə etmək mümkündür. Əzələ inkişafı, imkan daxilində, təbii məşq prosesi və fiziki güc hesabına təmin edilməlidir”.

Professor əzələlərin hormonal preparatlarla süni şəkildə böyüdülməsinin orqanizmdə hormon ifraz edən vəzilərin fəaliyyətini zəiflətdiyini, onların normal funksiyasını ciddi şəkildə məhdudlaşdırdığını vurğulayıb:

“Nəticədə gənclər müxtəlif sağlamlıq problemləri ilə üzləşirlər. Bu gün idman zallarında qeydə alınan bəzi ölüm halları, hormonal balansın pozulması və reproduktiv problemlərin bir qismi də məhz bu amillə əlaqələndirilir. Bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, təəssüf ki, bir çox hallarda buna əməl olunmur. Üstəlik, belə preparatlar əsasən idman zallarında qeyri-rəsmi şəkildə satılır. Onların satışı ilə məşğul olan şəxslər müxtəlif yollarla bu məhsulları ölkəyə gətirərək gəlir əldə edirlər. Bunun nəticəsində isə çoxsaylı gəncin sağlamlığı və həyatı ciddi təhlükə altına düşür”.

Fidan Hacızadə

D
demokrat.az