Parlaq qablaşdırma və ya üzərindəki “100% təbii” yazısı hər zaman şirənin sağlamlıq üçün ən yaxşı seçim olduğu anlamına gəlmir. Diyetoloqlar bildirirlər ki, bəzi şirələr orqanizm üçün həqiqətən faydalıdır, digərləri isə tərkibinə görə daha çox şəkərli deserti xatırladır.
Demokrat.az xəbər verir ki, mütəxəssislər ilk növbədə tərkibində əlavə şəkər, sirop və ya dadlandırıcı olmayan, üzərində “100%” işarəsi olan məhsulların seçilməsini tövsiyə edirlər. Əgər inqrediyentlər siyahısında ilk olaraq su və ya şəkər göstərilibsə, belə məhsulun qida dəyəri məhdud hesab olunur.
Bununla yanaşı, dietoloqlar vurğulayırlar ki, təbii şirələr təzə meyvə və tərəvəzi tam əvəz edə bilməz. Şirə hazırlanarkən lifin böyük hissəsi itir, nəticədə içki daha az toxluq hissi yaradır və tərkibindəki şəkər orqanizm tərəfindən daha sürətlə mənimsənilir. Buna görə də gündə təxminən yarım stəkan (120 ml) şirə içmək və ya onu su ilə durultmaq məsləhət görülür.
Ən faydalı şirələrin TOP-3-ü
1. Nar şirəsi
Diyetoloqların əksəriyyəti nar şirəsini ən faydalı şirələrdən biri hesab edir. O, güclü antioksidant xüsusiyyətlərə malik polifenollarla zəngindir və orqanizmdə iltihabi proseslərin azalmasına kömək edə bilər.
"Biometrical Journal" jurnalında dərc olunmuş araşdırmalara əsasən, nar şirəsinin müntəzəm qəbulu arterial təzyiqin orta dərəcədə azalması və ürək-damar sisteminin sağlamlığının yaxşılaşması ilə əlaqələndirilir.
2. Çuğundur şirəsi
Çuğundur şirəsi təbii nitratlarla zəngindir. Bu maddələr orqanizmdə azot oksidinə çevrilərək damarların genişlənməsinə, qan dövranının yaxşılaşmasına və arterial təzyiqin azalmasına kömək edir.
"Cochrane Library" bazasında yer alan tədqiqatlar da qida mənşəli nitratların qan təzyiqinə müsbət təsir göstərə biləcəyini göstərir.
3. Turş albalı şirəsi
İdmandan sonra bərpa prosesini sürətləndirmək istəyənlər üçün dietoloqlar əlavə şəkərsiz turş albalı şirəsini tövsiyə edirlər.
Araşdırmalar göstərir ki, yüksək antioksidant tərkibi sayəsində bu şirə intensiv fiziki yüklənmədən sonra əzələ ağrılarını azalda bilər. Bundan əlavə, "PubMed" bazasında dərc olunmuş icmalda qeyd olunur ki, turş albalı şirəsi melatonin və triptofan səviyyəsini artıraraq yuxunun müddətini və keyfiyyətini yaxşılaşdıra bilər.
Digər faydalı seçimlər
Portağal və qreypfrut şirəsi
Portağal və qreypfrut şirələri əsasən yüksək C vitamini tərkibinə görə qiymətləndirilir.
"Gastroenterology" jurnalında dərc olunmuş araşdırmaya görə, təbii portağal şirəsinin müntəzəm istifadəsi ürək-damar xəstəlikləri ilə əlaqəli bəzi risk amillərinin azalmasına müsbət təsir göstərə bilər.
Bununla belə, qreypfrut şirəsi hər kəs üçün uyğun deyil. O, xüsusilə xolesterinin azaldılması üçün istifadə olunan bəzi dərmanlarla qarşılıqlı təsirə girə bilər.
Şəkərli diabet və arıqlamaq üçün
2-ci tip şəkərli diabeti olan şəxslər üçün dietoloqlar əlavə duzsuz tərəvəz şirələrini, xüsusilə pomidor şirəsini tövsiyə edirlər. Pomidor şirəsi likopen, C vitamini və kaliumla zəngindir, eyni zamanda meyvə şirələri ilə müqayisədə daha az şəkər ehtiva edir.
Mütəxəssislərin fikrincə, pomidor şirəsi aşağı şəkər və kalori tərkibinə, eləcə də qatı konsistensiyasına görə arıqlamaq istəyənlər üçün də uyğun seçimlərdən biri hesab olunur.


