Sosial Özəl

Bağışlanan mülkü geri almağın tək yolu — Açıqlama

Bağışlanan mülkü geri almağın tək yolu — Açıqlama

Daşınmaz əmlak və ya digər qiymətli əşyalar bəzən bağışlanma müqaviləsi əsasında başqa şəxsə verilir. Lakin sonradan bəzi hallarda tərəflər arasında münasibətlər pisləşdikdə və ya müəyyən hallar baş verdikdə bağışlayan şəxs əmlakı geri almaq istəyir.

Bağışlanma müqaviləsi nədir və hansı qaydada bağlanır? Bağışlanmış əmlak sonradan geri tələb oluna bilərmi?

Demokrat.az-a bu barədə açıqlama verən hüquqşünas Müşfiq Abbasovun sözlərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, daşınmaz əmlakın bağışlanması yazılı müqavilə ilə rəsmiləşdirilməli və mütləq notariat qaydasında təsdiq edilməlidir:

“Notariat təsdiqindən sonra müqavilə dövlət reyestrində qeydiyyata alınır və yeni mülkiyyətçiyə çıxarış verilir. Ümumi qaydaya görə, bağışlayan şəxs öz iradəsi ilə əmlakı bağışladıqdan sonra həmin əmlak üzərindəki bütün hüquqlarını itirir. Lakin Mülki Məcəllədə bağışlamanın ləğv oluna biləcəyi müstəsna hal da nəzərdə tutulub. Belə ki, əgər bağışı qəbul edən şəxs bağışlayana və ya onun yaxın qohumlarına qarşı hüquqa zidd hərəkətlər törədər, o cümlədən cinayət əməli törədərsə, bağışlayan şəxs məhkəməyə müraciət edərək bağışlama müqaviləsinin ləğvini tələb edə bilər. Ancaq bunun üçün qanunla müəyyən edilmiş müddət var”.

Hüquqşünas qeyd edib ki, bağışlayan şəxs həmin hüquq pozuntusunu bildiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etməlidir:

“Bu müddət ötürüldükdə, artıq bağışlamanın ləğvini tələb etmək hüququ itirilir və məhkəmə həmin tələbi təmin edə bilməz. Bundan əlavə, əgər bağışlanan əmlak ər-arvadın nikah dövründə əldə etdiyi birgə əmlak hesab olunursa, onlardan biri öz adına rəsmiləşdirilmiş əmlakı başqa şəxsə bağışlayarkən digər həyat yoldaşının notariat qaydasında təsdiq edilmiş razılığı da tələb olunur”.

Beləliklə, bağışlanan əmlakın geri alınması yalnız müstəsna hallarda və məhkəmə yolu ilə mümkündür.

Fidan Hacızadə

D
demokrat.az