Yay aylarında havaların kəskin istiləşməsi ilə əlaqədar kondisionerlərdən istifadə də əhəmiyyətli dərəcədə artır. Lakin sərinləmək məqsədilə bu cihazlardan düzgün istifadə edilmədikdə boğaz ağrısı, öskürək, əzələ tutulmaları, allergik reaksiyalar və tənəffüs yolları ilə bağlı müxtəlif sağlamlıq problemləri yarana bilər. Kondisionerin temperaturunun həddindən artıq aşağı salınması, hava axınının birbaşa insanın üzərinə yönəldilməsi və cihazın mütəmadi təmizlənməməsi sağlamlıq üçün ciddi risklər yaradır.
Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, kondisioner yay aylarında əhəmiyyətli rahatlıq yaradır:
“Lakin ondan düzgün istifadə etmək çox vacibdir. Kondisionerin zərərli hesab edilməsinin əsas səbəblərindən biri onun təmizliyidir. Cihazın filtr və daxili hissələri mütləq təmiz saxlanılmalıdır. Mövsüm başlamazdan əvvəl kondisionerə texniki qulluq göstərilməsi və yuyulması vacibdir. İmkan olduqca, ayda bir dəfə təmizlənməsi daha məqsədəuyğundur. Çünki çirkli kondisioner otaqda təmiz hava dövranını təmin etmir və sağlamlıq baxımından müəyyən risklər yarada bilər. Digər mühüm məsələ isə temperatur fərqidir. Yayda açıq havada bədən temperaturu yüksəlir. İnsan isti mühitdən birbaşa 16-18 dərəcə temperaturda işləyən kondisionerli otağa daxil olduqda, bədən temperaturu qəfil aşağı düşür. Bu kəskin temperatur dəyişikliyi əzələ ağrılarına, boyun və bel nahiyəsində narahatlığa səbəb ola bilər”.
O qeyd edib ki, soyuq hava axınına uzun müddət məruz qalmaq soyuqdəymə şikayətlərinin yaranmasına da gətirib çıxara bilər:
“Buna görə də insanın birbaşa kondisionerin hava axınının qarşısında oturması məsləhət görülmür. Tövsiyə edirik ki, otaq kifayət qədər sərinləşdikdən sonra kondisioner söndürülsün və 24 saat fasiləsiz işlədilməsin. Otağın havası müəyyən aralıqlarla təbii şəkildə də dəyişdirilməli, pəncərələr açılaraq havalandırma təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, yay mövsümündə havanın isti olması səbəbindən kondisionerə ehtiyac artır. Ancaq bu cihazdan düzgün və ölçülü şəkildə istifadə olunmalıdır. Daimi deyil, fasilələrlə istifadə etmək həm sağlamlıq, həm də cihazın istismar müddəti baxımından daha faydalıdır”.


