Kriminal Özəl

"TikTok"dakı paylaşıma görə qonşusuna hücum etdi

TikTokdakı paylaşıma görə qonşusuna hücum etdi

Masallı rayonunda 43 yaşlı kişi gecəyarısı tanışına xəsarət yetirməkdə ittiham edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 28-də rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Kənan həmin gün gecə saat 1 radələrində kənd ərazisində yerləşən ağaclıq sahədə tanışı Samirə və qızı Süsənin (adlar şərtidir – red.) “TikTok” sosial şəbəkəsində onun barəsində təhqiredici sözlər yaymasının səbəbini aydınlaşdırmaq istəyib.

Bu zaman o, Samirə ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ağac parçası ilə bir neçə dəfə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Faktla bağlı Kənanın barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Kənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qonşuları ona zəng vuraraq qonşusu Samirənin söyüş söydüyünü, ailə-uşağını təhqir etdiyini deyiblər:

“Mən də bununla bağlı müvafiq qurumlara müraciət etdim. Lakin müraciətimə baxılmadı, dediklərimə güldülər. Bildirdilər ki, qoca arvaddır, gedərək ona nə desinlər, xəstə qızı var. Hətta Gəncə şəhərindən bir oğlan gələrək onlara çox əziyyət verib, oğlanı kənddən çıxarıblar. Bundan sonra yenə də şikayət etsəm də, məni məsxərəyə qoydular”.

Təqsirləndirilən şəxs deyib ki, günlərin birində Samirənin yanına gedib və ona “Ay ana, bunu sən niyə belə edirsən? Ay başına dönüm, nə istəyirsən?” deyib:

“Evinin əşyalarını apardıqlarını dedi. Mən də dedim ki, qurban olum sənə, evini qoyub gedibsən. Mən sənin pəncərələrini sındırmışamsa, pəncərələrinin pulunu da vermişəm. Həmin gün Samirə balta götürərək üzərimə gəldi. Dedi ki, sən oğlanı qovmusan. Mən də ona bildirdim ki, özün qovmusan, oğlan qaçıb, mən nə edim? Həm də balta ilə üzərimə gəldiyini gördüm və bir daş götürərək pəncərəsinə vurdum. Hadisə vaxtı əlimdə nar ağacı olub. Samirə həmin vaxt yerdə uzanmışdı. Mən də bir dəfə onu ayağından ağacla vurdum. Samirə həmin vaxt hadisə yerində qaldı. Mən isə oradan uzaqlaşdım”. Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra təcili yardıma zəng vurub və Samirəni ağacla vurduğunu, əzildiyini, ona yardım göstərilməsini deyib:

“Təcili yardım gələnə kimi bir nəfər oğlan Samirəni maşınına qoyaraq apardı. Mən isə orada qalaraq gözlədim. Təcili yardım gəldi və qadını soruşdular. Onlara qadının aparıldığını dedim. Hətta özüm təcili yardımın arxasınca xəstəxanaya getdim. Həkimlər mənə dedilər ki, içəri girmə, səni görərək əsəbləşəcək”.

Kənan bildirib ki, Samirə və qızı Süsən hadisədən 4 ay əvvəl həmin evdə yaşamağa başlayıblar:

“Masallı rayonunun kəndində yol kənarında yerləşən ağaclıq ərazidə olan balaca bir tikilidə yaşayırdılar. Həmin tikilinin qapısı belə olmayıb, qapısından pərdə asıblar. Həmin gün mən mal bazarına qoyun aparan zaman onları orada görərək yaxınlaşdım. Onlara yaxınlaşdıqdan sonra həmin qadına dedim ki, ay ana, mal bazarına gedirəm, bazarda da mənə ailə-uşağımın “TikTok”da söyüldüyünü deyəcəklər, məsələ nədir? Ondan telefonu verməsini, barəmdə paylaşdığı söyüşlü videoları silməsini istədim. O da telefonu qızı Süsənə verdi. Süsənə videoları silməsini dedim. Amma Süsən silməyəcəyini dedi. Həmin vaxt Samirə tikilinin qapısının yanında oturmuşdu, ayağı daşın üstündə idi. Mən də bir dəfə əlimdə olan ağac parçası ilə Samirənin ayağından vurdum. Mən Samirəni vurduğum zaman onun qızı Süsən də orada idi. Həmin vaxt Süsən heç yerindən tərpənmədi”.

Zərərçəkmiş Samirənin sözlərinə görə, məlum hadisədən 5 ay əvvəl həmin yerdə yaşamağa başlayıb:

“Kənan həmişə bizə qarşı aqressiv hərəkətlər edib, pəncərəmizi sındırıb. Mən də onu söymüşəm, evdən kənarda qalmışam. Sonradan dövlət qurumunun əməkdaşları bizə çöldə qalmamağı, evimə getməyi məsləhət gördülər. Biz də evə getdik. Bu zaman evdə heç bir şeyin olmadığını gördük. Evin əşyalarının hamısını aparmışdı. Evdə heç nə qalmamışdı. Bu səbəbdən mən də Kənanı söyərək təhqir etdim”. Samirə qeyd edib ki, Kənanın onun başına hadisə gətirəcəyini, həmin evdə qalmamağı söyləyiblər:

“Kənanın kimlərlə əlbir olduğunu bilmirəm. Məlum hadisəyə qədər 8 aydır parklarda yatıram. Mənim ayağımı da evimin əşyalarını aparması üstündə sındırıb. Uşağımı da didərgin salıb. Qızıma deyib ki, gör sənin başına nə oyun gətirirəm. Bir dəfə qızımı döyüb, ağzını partladaraq telefonu əlindən alıb. Qızım xəstə uşaqdır. Müalicə ilə güclə onu sağaltmışam”.

İş üzrə şahid qismində ifadə verən Süsənin sözlərinə görə, yaşadıqları evdən qovulduqdan sonra Masallı rayonunun kəndində yol kənarında, ağaclıq ərazidə yerləşən sahibsiz və köhnə tikilinin həyətində yerləşən sanitar qovşağında qalmağa başlayıblar:

“Hadisə günü Kənan gecə saat 1-2 radələrində bizim qaldığımız yerə gəldi və anam Samirənin sağ ayağından özü ilə gətirdiyi nar ağacı ilə vurdu, ayağını sındırdı. Bundan sonra isə getdi”.

Masallı Rayon Məhkəməsinin hökmü ilə Kənan 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi qadağan olunub. Həmçinin ona bu müddət ərzində Masallı rayonunun inzibati ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulub.

Bundan əlavə, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.

Həmçinin cəzaçəkmə müddəti ərzində Kənana kütləvi və digər tədbirlər təşkil etmək, eləcə də belə tədbirlərdə iştirak etmək qadağan edilib.

Fariz Məlikli

D
demokrat.az