Son illər milli-mənəvi dəyərlərin zəiflədiyi və nəsillərarası əlaqələrin əvvəlki qədər güclü olmadığı ilə bağlı fikirlər səslənir. Bu, cəmiyyətdə real müşahidə olunan dəyişiklikdir, yoxsa sadəcə nəsillər arasında dünyagörüşü fərqindən yaranan yanaşmadır? Nəsillərarası əlaqələrin zəifləməsinə əsas təsir edən amillər hansılardır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sosioloq Naib Niftəliyev bildirib ki, milli-mənəvi dəyərlərə bağlılıq, milli özünüdərk və mənəvi dəyərlərin qorunması son yüzilliyin fenomenidir və Azərbaycan cəmiyyəti üçün də xarakterik xüsusiyyətlərdən biridir.
Onun sözlərinə görə, qloballaşmanın güclənməsi, bəşəri dəyərlərin ön plana çıxması və insan hüquqlarının daha böyük aktuallıq kəsb etməsi fonunda milli dəyərlər bir qədər kölgədə qala bilər:
“Bu, milli geyimin, milli davranış nümunələrinin və müəyyən mental xüsusiyyətlərin arxa plana keçməsi ilə müşahidə olunur. Amma ümumilikdə millilik müəyyən cəmiyyətə, etnosa mənsubluq, beynəlxalq yarışlarda milli komandalar səviyyəsində təmsil olunmaq, dövlət maraqlarının ifadə edilməsi, millilik və dövlətçilik anlayışlarının vəhdətdə qəbul olunması baxımından müasir Azərbaycan cəmiyyəti və Azərbaycan Respublikası üçün aktuallığını qoruyur. Sadəcə olaraq cəmiyyətdə müşahidə olunan dəyişikliklər qlobal inkişaf təmayülləri ilə bağlıdır. Cəmiyyət inkişaf etdikcə, müxtəlif ölkələr arasında sosial, iqtisadi, siyasi və mədəni əlaqələr gücləndikcə, qloballaşma və qlobal inteqrasiya sürətləndikcə millilik fenomeni müəyyən qədər arxa planda qalır. Amma bu, milli düşüncənin, milli-mənəvi dəyərlərin və milli kimliyin aradan qalxması və ya itməsi demək deyil. Əksinə, belə şərait milli-mənəvi dəyərlərin möhkəmlənməsinə, milli-mədəni fəaliyyətin genişlənməsinə, sosial texnologiyalar və sosial şəbəkələr vasitəsilə insanların milli-mədəni əlaqələrinin güclənməsinə, müxtəlif ölkələrdə yaşayan Azərbaycan icmalarının daha fəal şəkildə qarşılıqlı əlaqələr qurmasına şərait yaradır.
Bu baxımdan nəsillərarası dəyişiklik daha çox zamanın, texnologiyanın və dövrün diktə etdiyi şərtlərlə bağlıdır. Azərbaycanlı orta əsrlərdə də, XX əsrin əvvəllərində də, ortalarında da eyni tarixi-mədəni dəyərlərin daşıyıcısı olub. Bu gün də orta statistik azərbaycanlının ailəyə və milli dəyərlərə münasibəti əsas etibarilə dəyişməyib.
Bu xüsusiyyət təkcə Azərbaycan xalqına deyil, digər etnoslara və etno-mədəni qruplara da xasdır. Sadəcə olaraq nəsillərin dəyişməsi, urbanizasiya, miqrasiyanın artması və sosial texnologiyaların təsiri müəyyən dəyişikliklər yaradır. Müxtəlif millətlərdən olan insanların ailə qurması da bu prosesə müəyyən təsir göstərir.
Amma istənilən halda hansı tərəfin mənəvi və əxlaqi dəyərləri daha güclüdürsə, nəticədə həmin dəyərlər üstünlük qazanır. Çünki bu dəyərlərin qorunması yenilikçi mühafizəkarlığın təzahürüdür və dəyişikliklərin milli-mənəvi dəyərlərə söykənərək aparılması praktikada daha uğurlu nəticələr verir.
Bu mənada ailədaxili ünsiyyətin azalması və sosial şəbəkələrin təsiri mühüm amillərdir. Lakin texnologiya eyni zamanda insanlar arasında əlaqə imkanlarını da genişləndirib. Telefonlar və digər rəqəmsal vasitələrlə insanlar istənilən vaxt bir-biri ilə ünsiyyət qura bilirlər. Buna görə də müasir dövrdə problem daha çox ünsiyyətin formasının dəyişməsi ilə bağlıdır. Həm ünsiyyətin azlığı, həm də həddindən artıq çoxluğu müəyyən problemlər yarada bilər.
Miqrasiyaya gəldikdə isə, bu amil ənənəvi təsir mexanizmini qoruyub saxlayır. Lakin müasir texnologiyalar, smartfonlar, "WhatsApp" və digər onlayn ünsiyyət vasitələri miqrantların öz ailələri və milli mühiti ilə əlaqələrini əvvəlki dövrlərlə müqayisədə daha sıx saxlamağa imkan verir. Buna görə də miqrasiya hər zaman insanların öz kökündən və dəyərlərindən uzaqlaşmasına səbəb olmur.
Təbii ki, müxtəlif cəmiyyətlərdə assimilyasiya təsiri mövcuddur. Lakin milli-mənəvi dəyərlərini qorumaq istəyən insanlar texnologiyanın imkanlarından səmərəli şəkildə istifadə edirlər.
Yəni dəyərlərin zəifləməsindən deyil, onların transformasiyaya uğramasından, dəyişməsindən və yeni şəraitə uyğunlaşmasından danışmaq daha doğrudur. İstənilən halda Azərbaycanda mentallıq, Azərbaycan türklərinin və Azərbaycan xalqının milli-mənəvi dəyərləri özünəməxsusluğunu qoruyub saxlayır. Bu, digər xalqlar üçün də xarakterikdir. Texnologiyanın inkişafı bəzi xalqlarda milli özünüdərk hissinin güclənməsinə, bəzən isə ifrat millətçi və radikal baxışların yayılmasına da təsir göstərə bilir. Bu tendensiyalar müxtəlif ölkələrdə müşahidə olunur.
Bu faktor göstərir ki, milli-mənəvi dəyərlərin zəifləməsi məsələsi nisbidir. Azərbaycan cəmiyyəti mentallığa və milliliyə istənilən halda güclü bağlılığını qoruyur”, – deyə sosioloq fikrini tamamlayıb.


