Sağlamlıq Özəl

Yaddaşı yaxşılaşdırmaq üçün nə yemək lazımdır? — 10 məhsul

Yaddaşı yaxşılaşdırmaq üçün nə yemək lazımdır? — 10 məhsul

Qidalanma beyin sağlamlığının qorunmasında və yaddaşın saxlanmasında mühüm rol oynayır. Bəzi məhsullar iltihabı azaltmağa, hüceyrələri qorumağa və idrak funksiyalarını dəstəkləməyə kömək edir. Bu isə yaş artdıqca zehni aydınlığın qorunmasına şərait yarada bilər. Diyetoloqlar yaddaşı yaxşılaşdırmaq və yaşla bağlı beyin fəaliyyətinin pozulması riskini azaltmaq istəyən insanların qida rasionuna hansı məhsulları əlavə etməli olduqlarını açıqlayıblar.

Demokrat.az xəbər verir ki, məlumatlı “Real Simple” yayıb.

Brokoli. Bu tərəvəz antioksidantlar, lif və K vitamini ilə zəngindir. Araşdırmalara görə, K vitamini yaddaşın formalaşmasında iştirak edən zülalların fəaliyyətini dəstəkləyir. Antioksidantlar isə beyin hüceyrələrini qorumağa, iltihabı azaltmağa və yaddaşın formalaşması proseslərinə kömək edir.

Qaragilə. Bu giləmeyvə yüksək antioksidant tərkibinə görə beyin üçün faydalı məhsullardan biri hesab olunur. Bundan əlavə, qaragilə bağırsaq sağlamlığını dəstəkləyən liflə zəngindir. Bağırsaq sağlamlığı isə beyin fəaliyyəti ilə sıx əlaqəlidir.

Balqabaq tumu. Bu məhsul sinir impulslarının ötürülməsi, eləcə də öyrənmə və yadda saxlama prosesləri üçün vacib olan sink, maqnezium, mis və dəmirlə zəngindir.

Yağlı balıq. Qızılbalıq, sardina və tuna balığı sinir hüceyrələrinin formalaşmasında iştirak edən, damar sağlamlığını dəstəkləyən və beynin kifayət qədər oksigen və qida maddələri almasına kömək edən omeqa-3 yağ turşuları ilə zəngindir.

Çia toxumu. Bu məhsul bitki mənşəli omeqa-3 yağ turşuları mənbəyidir. Onlar beynin normal fəaliyyətini dəstəkləyir, iltihabı azaldır və sinir hüceyrələri arasındakı əlaqələrin qorunmasına kömək edir.

Qoz. Yüksək omeqa-3 tərkibinə görə qoz idrak funksiyalarının və ürək-damar sisteminin sağlamlığının qorunmasına kömək edir. Bu da beynin qanla təminatına müsbət təsir göstərə bilər.

Moruq. Bu giləmeyvə beyin hüceyrələrini oksidləşdirici stresdən qoruyan və bağırsaq fəaliyyətini dəstəkləyən flavonoidlər və liflə zəngindir. Bu amillər idrak proseslərinə təsir göstərir.

Yumurta. Yumurta B qrupu vitaminləri və yaddaş, öyrənmə və əhval-ruhiyyəyə cavabdeh olan neyromediatorların istehsalı üçün vacib maddə olan xolinlə zəngindir.

Bundan əlavə, bəzi araşdırmalar yumurta qəbulunun Altsheymer xəstəliyinin inkişaf riskinin azalması ilə əlaqəli olduğunu göstərir.

Tünd şokolad. Dietoloqlar tərkibində ən azı 70 faiz kakao olan şokolada üstünlük verməyi tövsiyə edirlər. Belə şokolad beyində qan dövranını yaxşılaşdıran, neyronlar arasındakı əlaqələri gücləndirən və yaddaşın qorunmasına kömək edə bilən flavonoidlərlə zəngindir.

Tünd yaşıl yarpaqlı tərəvəzlər. İspanaq, kələm və manqold K vitamini, fol turşusu, lutein və beta-karotinlə zəngindir. Alimlərin fikrincə, bu maddələr beyin hüceyrələrini qorumağa və idrak funksiyalarını dəstəkləməyə kömək edir.

Jalə

D
demokrat.az