Sosial Özəl

Caduya inanmaq üçün dini əsas varmı? — İlahiyyatçı açıqladı

Caduya inanmaq üçün dini əsas varmı? — İlahiyyatçı açıqladı

Azərbaycanda cadu və sehrə inamın geniş yayılması, insanların uğursuzluqlarını fövqəltəbii səbəblərlə əlaqələndirməsi cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardandır. Bəs bu inancların dini və elmi əsası varmı? Peyğəmbərin sehrə məruz qalması ilə bağlı yayılan rəvayətlər nə dərəcədə etibarlıdır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən dinşünas Elşad Miri bildirib ki, bu barədə irəli sürülən fikirlər əsasən hicrətin 7-ci ilində baş verdiyi iddia edilən rəvayətlərə əsaslanır.

Onun sözlərinə görə, həmin rəvayətə əsasən, Mədinədən bir qrup insan Xeybərə gedərək Ləbid ibn Əsəm adlı sehrbazın yanına müraciət edir:

“Bəzi mənbələrdə isə onun bacısına müraciət olunduğu qeyd edilir. Rəvayətdə iddia olunur ki, Peyğəmbərə məxsus daraq və saç telləri əldə edilərək onların vasitəsilə sehr hazırlanıb, 11 düyün vurulmuş ip, həmçinin iynələr xurma qabığının içinə qoyularaq quyuda gizlədilib.

Bəzi rəvayətlərdə Peyğəmbərin altı ay, digər rəvayətlərdə isə bir il ərzində bu sehrin təsiri altında qaldığı iddia olunur. Lakin o vurğulayıb ki, bu iddialar Peyğəmbərin məsumluğu və vəhyi qüsursuz şəkildə çatdırması prinsipi baxımından İslam alimləri arasında mübahisəli hesab edilir.

Rəvayətin davamında mələklərin yuxuda Peyğəmbərə sehrin yerini bildirdiyi qeyd olunur. Bundan sonra bəzi mənbələrdə səhabələrin, digər rəvayətlərdə isə Peyğəmbərin özünün həmin əşyanı quyudan çıxardığı iddia edilir. Başqa rəvayətlərdə isə quyunun ümumiyyətlə açılmadığı bildirilir. Qurani-Kərimin Furqan surəsinin 8-ci ayəsində belə buyurulur: "Zalımlar dedilər: "Siz yalnız ovsunlanmış bir insana tabe olursunuz".

Bu ayəyə istinad edən bir sıra tədqiqatçılar hesab edirlər ki, Peyğəmbərin ovsunlandığını iddia edənlər Quranda "zalımlar" kimi təqdim olunan inkarçılar idi. Bu baxımdan onlar Peyğəmbərin sehrin təsiri altında qalması ilə bağlı rəvayətlərin Qurandakı ifadələrlə uyğun gəlmədiyini bildirirlər.

Bu mövzu İslam alimləri arasında fərqli şəkildə qiymətləndirilir. Bir qrup alim sözügedən hədisləri səhih hesab etsə də, onların yalnız Peyğəmbərin fiziki vəziyyəti ilə bağlı olduğunu, vəhyin qəbuluna və təbliğinə heç bir təsir göstərmədiyini bildirir. Digər alimlər isə həmin rəvayətlərin Qurani-Kərimin ayələri ilə uyğun gəlmədiyini əsas gətirərək onları qəbul etmirlər.

Cəmiyyətdə cadu və sehrə inamın geniş yayılmasının əsas səbəblərindən biri dini biliklərin zəif olması, insanların baş verən hadisələri elmi və məntiqi səbəblərlə deyil, mistik amillərlə izah etməyə meylli olmasıdır. O hesab edir ki, uğursuzluqları yalnız cadu ilə izah etmək əvəzinə, hadisələrə həm dini mənbələr, həm də rasional yanaşma prizmasından baxmaq daha düzgün yanaşmadır", – deyə Elşad Miri fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az