Sosial Özəl

Ekspert: Bu riski heç kim götürməyəcək

Ekspert: Bu riski heç kim götürməyəcək

İşini itirmək bir çox insan üçün təkcə gəlirin azalması deyil, həm də kredit öhdəliklərinin yerinə yetirilməsində ciddi çətinliklərin yaranması deməkdir. Belə hallarda borcalanların maliyyə yükünün azaldılması üçün müxtəlif dəstək mexanizmləri müzakirə olunur. Bu mexanizmlərdən biri də işsizlik halında kredit ödənişlərinin sığorta vasitəsilə təmin edilməsidir.

İşini itirən şəxslərin kreditlərinin sığortalanması nə dərəcədə mümkün və məqsədəuyğundur? Hansı formada həyata keçirilmə ehtimalı var?

İqtisadçı Fuad İbrahimov mövzu ilə bağlıDemokrat.az-a açıqlamasında bildirib ki,dayanıqlı iş yerlərindən danışarkən ilk növbədə dayanıqlı biznes mühitinin mövcudluğunu nəzərə almaq lazımdır:

Ekspert: Bu riski heç kim götürməyəcək

“Yalnız sağlam biznes mühiti olan ölkələrdə dayanıqlı məşğulluqdan danışmaq mümkündür. Bizdə isə hazırda işsizliklə bağlı kifayət qədər problemlər var və dayanıqlı iş yerlərinin sayı yetərli deyil. Baxmayaraq ki, işlə bağlı çoxlu elanlar verilir, onların əksəriyyətində təklif olunan əməkhaqqı çox aşağıdır. Bu gün minimum əməkhaqqı ilə bağlı müəyyən edilmiş göstəricilər də real həyatın tələblərinə tam cavab vermir. Bu baxımdan, iş yerini itirən şəxslərin kreditlərinin sığortalanması mexanizminin necə işləyəcəyi ciddi suallar doğurur. Bu öhdəliyi hansı sığorta şirkətinin və ya sığorta qurumunun üzərinə götürəcəyi aydın deyil. Bu, kifayət qədər riskli məsələdir. Belə bir mexanizm yalnız dövlətin müəyyən riskləri öz üzərinə götürməsi, büdcə dəstəyi və dotasiya ilə həyata keçirilə bilər. Mövcud şəraitdə bunun başqa formada işləməsini təsəvvür etmək çətindir”.

İqtisadçı əlavə edib ki, məsələn, dövlət sektorunda çalışanlar üçün belə sığorta modelini tətbiq etmək mümkündür:

“Ancaq özəl sektorda vəziyyət fərqlidir. Bu gün fəaliyyət göstərən bir şirkət sabah fəaliyyətini dayandıra bilər və belə hallara kifayət qədər rast gəlinir. Hətta diqqət etsək görərik ki, il ərzində çoxlu şirkət fəaliyyətə başlayır, eyni zamanda xeyli şirkət də fəaliyyətini dayandırır. Bu balans da nəzərə alınmalıdır. Düşünürəm ki, bu təşəbbüsün icra mexanizmi yalnız dövlətin və hökumətin dəstəyi ilə işləyə bilər. Özəl sektorda fəaliyyət göstərən heç bir sığorta şirkətinin iş yerini itirən şəxslərin kredit öhdəliklərini sığortalamaq kimi böyük bir riski öz üzərinə götürməsi real görünmür. Əks halda, çox çətin vəziyyət yarana bilər. Hazırkı şəraitdə bu mexanizmin necə işləyəcəyi hələlik görünmür”.

Fidan Hacızadə

D
demokrat.az