Bakının Qaradağ rayonunda 37 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Aqşin həyat yoldaşı Sevda (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı əl zərbələri ilə arvadının sifət və bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Aqşinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqşin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu bildirib və hazırda zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunduğunu deyib.
Zərərçəkmiş də məhkəməyə ərizə təqdim edib və təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və şikayət-tələbinin olmadığını bildirib.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Aqşinin barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.


