Rəqəmsal ödənişlərin sürətli artımı fonunda bank kartları və mobil tətbiqlər vasitəsilə edilən yanlış köçürmələr aktual problemə çevrilməkdədir. Bir anlıq diqqətsizlik və ya texniki xəta nəticəsində vəsaitin tanımadığınız bir hesaba göndərilməsi həm vaxt itkisinə, həm də hüquqi çətinliklərə yol aça bilər. Belə hallarda vəsaitin geri qaytarılması mexanizmi bank prosedurlarından başlayaraq məhkəmə müstəvisinə qədər uzanan bir prosesi əhatə edir.
Tanınmış bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, səhv köçürmələrlə bağlı hallarda əsas yanaşma bank və hüquqi müstəvidə fərqli şəkildə tənzimlənir:
“Bank praktikasında bu cür məsələlər adətən müştəri şikayəti əsasında araşdırılır. Belə ki, vətəndaş səhvən pul köçürdüyünü müəyyən etdikdə bankın qaynar xəttinə, filialına və ya baş ofisinə müraciət edərək rəsmi ərizə təqdim edir. Daha sonra bank əməliyyatı araşdırır: vəsaitin hansı kartdan çıxması, hansı hesaba köçürülməsi və əməliyyatın icra olunub-olunmaması dəqiqləşdirilir. Araşdırmadan sonra bank qarşı tərəflə əlaqə saxlayaraq vəziyyət barədə məlumat verir və vəsaitin geri qaytarılması xahiş olunur. Lakin burada mühüm məqam ondan ibarətdir ki, bankın qarşı tərəfi məcbur etmək üçün birbaşa hüquqi səlahiyyəti yoxdur”.
O deyib ki, proses əsasən qarşı tərəfin razılığı və vicdanlı yanaşması üzərində qurulur:
“Əgər vəsaiti alan şəxs pulu qaytarmaqdan imtina edərsə, bu halda məsələ artıq bank daxilində deyil, hüquqi müstəvidə həll olunur. Vətəndaş məhkəməyə müraciət edə bilər və hüquqi qiymətləndirmə aparılır. Bu mərhələdə isə mübahisənin hüquqi əsasları və tərəflərin məsuliyyəti müəyyən edilir. Nəticə etibarilə, bankın rolu əsasən araşdırma aparmaq və tərəflər arasında əlaqələndirməni təmin etməklə məhdudlaşır. Problemin tam həlli isə ya qarşılıqlı razılaşma, ya da məhkəmə qərarı ilə mümkündür”.


