Kabakçi və xiyar eyni bitki ailəsinə aiddir və bir çox oxşar xüsusiyyətlərə malikdir. Hər iki tərəvəz su, qida lifi, antioksidantlar və kaliumla zəngindir.
Demokrat.az xəbər verir ki, “Verywell Health” nəşri diyetoloqlara istinadən onların hansı hallarda daha faydalı olduğunu araşdırıb.
Kabakçi və digər qabaqkimilər təxminən 94 faiz sudan ibarətdir. Xiyar isə təxminən 96 faiz su ehtiva etdiyinə görə orqanizmin nəmləndirilməsi baxımından bir qədər üstün hesab olunur.
Konnektikut Universitetinin qidalanma üzrə müəllimi və diyetoloq Şerri Qrey bildirib ki, nəmləndirmə baxımından xiyarı hətta qarpızla müqayisə etmək olar.
Xiyar adətən çiy şəkildə istehlak olunduğundan tərkibindəki suyun böyük hissəsini saxlayır. Kabakçi isə bişirildikdə müəyyən miqdarda su itirə bilər.
Qida lifi baxımından fərq
Harvard Universitetinin T.H. Çan İctimai Sağlamlıq Məktəbinin məlumatına görə, həm xiyar, həm də kabakçi qan şəkərinin tənzimlənməsinə və qəbizliyin qarşısının alınmasına kömək edən qida lifi ilə zəngindir.
Bununla belə, kabakçidə qida lifinin miqdarı bir qədər çoxdur. Qabıqlı 100 qram balqabaqda 0,8 qram, eyni miqdarda qabıqlı xiyarda isə 0,5 qram qida lifi var.
Şerri Qrey qeyd edib ki, qida lifinin böyük hissəsi tərəvəzlərin qabığında toplandığı üçün onları qabığı ilə birlikdə yemək daha məqsədəuyğundur.
Vitamin və minerallar
Roçester Universiteti Tibb Mərkəzinin məlumatına əsasən, kabakçi kalium, maqnezium, fol turşusu, eləcə də A, C və E vitaminləri baxımından xiyardan daha zəngindir.
"Kabakçi ümumilikdə daha yüksək qida dəyərinə malikdir. Onun tərkibində xiyarla müqayisədə daha çox vitamin və mineral var", deyə Şerri Qrey bildirib.
Lakin K vitamini baxımından xiyar üstünlük təşkil edir.
ABŞ Milli Səhiyyə İnstitutlarının məlumatına görə, böyüklərin gündəlik K vitamini tələbatı 90–120 mikroqram təşkil edir. Bir stəkan soyulmuş xiyarda 9,6 mikroqram K vitamini olduğu halda, eyni miqdarda qabıqlı kabakçidə bu göstərici 5,3 mikroqramdır.
Kulinariya imkanları
Xiyar əsasən çiy və ya turşu şəklində istifadə olunur. Kabakçi isə daha çox istilik emalına məruz qalır.
Kabakçini manqalda bişirmək, qızartmaq, qiyməli yeməklərə əlavə etmək, makaron əvəzinə istifadə etmək və hətta müxtəlif şirniyyatların hazırlanmasında tətbiq etmək mümkündür.
Tərəvəzləri necə saxlamaq lazımdır?
Mütəxəssislər tərəvəzləri istifadədən əvvəl axar su altında yumağı tövsiyə edirlər. Sabun və ya xüsusi yuyucu vasitələrdən istifadə etmək məsləhət görülmür, çünki onların qalıqları məhsul tərəfindən sorula bilər.
Xiyar soyuducuda plastik paketdə təxminən bir həftə, yuyulmamış kabakçi isə iki həftəyədək saxlanıla bilər.
Şerri Qreyin sözlərinə görə, yüksək su tərkibinə görə nə xiyarı, nə də kabakçini dondurmaq məqsədəuyğun deyil. Çünki əridildikdən sonra hər iki tərəvəz yumşaq və sulu tekstura alır.
Jalə Demokrat.az


