Sosial Özəl

Bu səhvlər istedadlı uşaqların gələcəyini məhv edir — Psixoloq açıqladı

Bu səhvlər istedadlı uşaqların gələcəyini məhv edir — Psixoloq açıqladı

İstedadlı uşaqların potensialının erkən yaşlardan üzə çıxarılması və davamlı inkişaf etdirilməsi onların təbii qabiliyyəti ilə yanaşı, valideynlərin düzgün yanaşmasından və yaratdığı inkişaf mühitindən də asılıdır. Uşağın istedadını vaxtında aşkar etmək qədər, onu düzgün istiqamətləndirmək və psixoloji baxımdan sağlam şəkildə dəstəkləmək də böyük əhəmiyyət daşıyır. Əks halda, həddindən artıq gözləntilər, təzyiq və ya yanlış tərbiyə üsulları uşağın inkişafına və motivasiyasına mənfi təsir göstərə bilər. Bəs valideynlər bu prosesdə hansı prinsiplərə əməl etməli, hansı yanlış yanaşmalardan çəkinməlidirlər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, istedadlı uşaqların potensialının inkişaf etdirilməsi üçün valideynlərin əsas vəzifəsi uşağı yalnız nəticəyə yönəltmək deyil, onun maraqlarını, fərdi xüsusiyyətlərini və inkişaf tempini düzgün qiymətləndirməkdir.

"İstedad öz-özünə kifayət etmir. Düzgün mühit, emosional dəstək və sağlam istiqamətləndirmə olmadıqda uşaq öz potensialını tam reallaşdıra bilməyə bilər. Ən vacib prinsiplərdən biri uşağı olduğu kimi qəbul etməkdir. Bəzən valideynlər istedadlı uşaqlardan daha yüksək nəticələr gözləyir və onlara həddindən artıq tələblər qoyurlar. Lakin uşaq yalnız nailiyyətlərinə görə qiymətləndirildiyini hiss edərsə, zamanla onda uğursuzluq qorxusu, perfeksionizm və özünə qarşı həddindən artıq tənqidi yanaşma formalaşa bilər.

Valideyn uşağın maraqlarını müşahidə etməli və onun özünü kəşf etməsinə imkan yaratmalıdır. Məsələn, uşaq riyaziyyata, musiqiyə, idmana və ya yaradıcılığa maraq göstərirsə, həmin sahədə inkişaf etməsi üçün şərait yaradılmalıdır. Lakin uşağın seçiminə hörmət etmədən onu yalnız valideynin istədiyi istiqamətə yönəltmək motivasiyanın azalmasına səbəb ola bilər.

Digər mühüm məqamlardan biri istedadlı uşağın həmyaşıdları ilə həddindən artıq müqayisə edilməməsidir. "Sən hamıdan ağıllısan", "Sən səhv etməməlisən" kimi yanaşmalar uşağın üzərində əlavə təzyiq yarada bilər. Uşaq anlamalıdır ki, səhv etmək öyrənmə prosesinin təbii və ayrılmaz hissəsidir.

Valideynlər uşağın yalnız akademik nailiyyətlərini və ya xüsusi bacarıqlarını deyil, emosional inkişafını da dəstəkləməlidirlər. İstedadlı uşaqlar bəzən yüksək həssaslıq, dərin düşüncə və ya yaşıdlarından fərqli hiss etmə kimi xüsusiyyətlər nümayiş etdirə bilərlər. Buna görə də onların emosiyalarını sərbəst şəkildə ifadə etmələrinə şərait yaratmaq vacibdir.

Yanlış yanaşmalardan biri də uşağın istedadını valideynin şəxsi uğuru kimi qiymətləndirməkdir. Uşağın bacarığı onun öz həyat yolunun bir hissəsidir. Əsas məqsəd onu "uğur layihəsi"nə çevirmək deyil, sağlam, özünəinamlı və xoşbəxt bir fərd kimi yetişdirməkdir.

Yəni istedadlı uşağa göstərilən ən böyük dəstək onu daim irəli itələmək deyil, düzgün istiqamətləndirmək, ona güvənli inkişaf mühiti yaratmaq və "Sən yalnız nəticələrinə görə deyil, olduğun insan kimi də dəyərlisən" mesajını hiss etdirməkdir", – deyə psixoloq fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az