Sosial Özəl

"Bundan sonrakı qərar isə vətəndaşların öz seçimindən asılıdır"

Bundan sonrakı qərar isə vətəndaşların öz seçimindən asılıdır

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi Qara dəniz hövzəsində təhlükəsizlik böhranının dərinləşməsi beynəlxalq mülki gəmiçilik üçün ciddi təhlükələr yaratmaqdadır. Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müraciət edərək hərbi əməliyyatların getdiyi ərazilərə getməməyi, xüsusilə də Qara dənizdəki mülki gəmiçilik marşrutlarında işləməməyi tövsiyə edib. Bu xəbərdarlıq bölgədə hərbi risklərin hələ də ən yüksək həddə qaldığını göstərir.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, müharibə zonalarında fəaliyyət göstərmək və işləmək hər zaman risklərlə bağlıdır:

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də haqlı olaraq bu barədə xəbərdarlıq edib. Lakin bu, yalnız xəbərdarlıq xarakteri daşıyır və hüquqi öhdəlik yaratmır.

Əgər vətəndaşların başqa iş və qazanc imkanları yoxdursa, onlar bu xəbərdarlıqları nəzərə ala bilərlər. Ancaq onların fəaliyyətini tamamilə dayandıracaqlarını söyləmək çətindir. Dövlət bu məsələdə öz üzərinə düşən vəzifəni yerinə yetirib və vətəndaşları mümkün risklər barədə məlumatlandırıb. Bu cür xəbərdarlıqların verilməsi dövlətin öhdəliyidir.

Bundan sonrakı qərar isə vətəndaşların öz seçimindən asılıdır. Əgər onlar başqa yerlərdə işləmək və dolanışıq təmin etmək üçün alternativ imkanlar əldə etsələr, böyük ehtimalla belə risklərə getməzlər. Əgər buna baxmayaraq risk edirlərsə, deməli, onların buna ehtiyacı var” , - deyə iqtisadçı fikrini tamamlayıb.

Yəni, dövlət Qara dənizdəki təhlükə ilə bağlı dənizçiləri rəsmən məlumatlandırsa da, riskli bölgələrdə işləmək qərarı tamamilə vətəndaşların sosial-iqtisadi ehtiyaclarından asılı olaraq öz öhdəliklərinə qalır.

Nuray Paşşanlı

D
demokrat.az