Sağlamlıq Özəl

"Telefon və kompüterdən istifadə epilepsiyanın birbaşa səbəbi deyil" — Nevroloq

Telefon və kompüterdən istifadə epilepsiyanın birbaşa səbəbi deyil — Nevroloq

Yay mövsümündə hovuzlara, çimərliklərə və digər su istirahət məkanlarına üz tutanların sayı artsa da, bəzi sağlamlıq problemləri olan insanlar üçün su mühiti gözlənilməz təhlükələr yarada bilər. Xüsusilə epilepsiya və ya qıcolma tutmaları keçirən şəxslər üçün hamamda, hovuzda və ya açıq sularda tək olmaq həyati risk hesab edilir. Belə hallarda təhlükə təkcə qıcolmanın özü deyil, onun su ilə təmas zamanı yarada biləcəyi ağır nəticələrdir.

Bəs qıcolma keçirən şəxslərin hamamda və ya hovuzda tək qalması niyə bu qədər təhlükəlidir və bu risklərin qarşısını almaq üçün hansı təhlükəsizlik qaydalarına əməl edilməlidir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nevroloq Qalib Əsədov bildirib ki, qıcolma qəfil başladıqda insan huşunu və bədəninə nəzarəti itirə bilər.

Onun sözlərinə görə, hamam vannasında üz suya düşərsə, hətta bir neçə santimetr su belə boğulmaya səbəb ola bilər:

“Qıcolma hovuzda və ya dənizdə baş verdikdə isə üzgüçülük bacarığı əhəmiyyətini itirir və insan saniyələr ərzində su altında qala bilər. Buna görə də epilepsiyası olan şəxslərə hamam vannasından istifadə edərkən qapını kilidləməmək, evdə başqa bir nəfər olduğu zaman çimmək, hovuzda və ya açıq sularda isə heç vaxt tək üzməmək tövsiyə olunur.

Yeniyetmələr arasında qıcolma və epileptik tutmaların yaranmasına səbəb ola biləcək əsas risk faktorları yuxusuzluq və nizamsız yuxu rejimi, telefon, kompüter və planşetdən uzun müddət istifadə, spirtli içkilər və narkotik maddələrdən istifadə, dərmanların, xüsusilə antiepileptik preparatların qəfil dayandırılması, yüksək hərarət, infeksiyalar, metabolik pozğunluqlar, baş-beyin travmaları, anadangəlmə və ya genetik epilepsiya meyli, həmçinin beyin şişləri, damar malformasiyaları və digər struktur beyin xəstəlikləridir.

Telefon və kompüterdən istifadə epilepsiyanın birbaşa səbəbi deyil. Lakin gecə saatlarında uzun müddət ekran qarşısında qalmaq və bunun nəticəsində yaranan yuxusuzluq qıcolma riskini artıra bilər”.

Xatırladaq ki, ötən gün Şəmkirdə 13 yaşlı yeniyetmə evdə vannada çimərkən qıcolma keçirib və boğularaq həyatını itirib.

Nuray Paşşanlı

D
demokrat.az