Sosial Özəl

İnsan beynini tənbəlləşdirən təhlükəli texnologiya — Açıqlama

İnsan beynini tənbəlləşdirən təhlükəli texnologiya — Açıqlama

Süni intellekt əsaslı çatbotlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Artıq milyonlarla insan məlumat almaq, problemlərinə həll tapmaq, fikir mübadiləsi aparmaq, hətta emosional dəstək hissi yaşamaq üçün süni intellektlə söhbət edir. Bu texnologiya bir tərəfdən vaxta qənaət və əlçatan ünsiyyət imkanı yaratsa da, digər tərəfdən onun insan psixologiyasına, sosial münasibətlərinə və emosional vəziyyətinə mümkün təsirləri də var.

Süni intellektlə müntəzəm ünsiyyət insan davranışına və düşüncə tərzinə necə təsir edir?

Psixoloq Aytən Ələkbərova Demokrat.az-a açıqlamasında bildirib ki, süni intellektlə müntəzəm ünsiyyət insan davranışına, psixikasına və düşüncə tərzinə həm müsbət, həm də mənfi təsirlər göstərə bilər:

İnsan beynini tənbəlləşdirən təhlükəli texnologiya — Açıqlama

“Mənfi tərəflərdən başlamaq istərdim. Həddindən artıq istifadə nəticəsində insanın real ünsiyyəti azalır. Eyni zamanda, hər sualın cavabını asanlıqla tapa bildiyimiz üçün oxumağa və düşünməyə həvəsimiz də zəifləyə bilər. Düşünmək özü də inkişaf etdirilməsi lazım olan bir vərdişdir. Məsələn, siz media nümayəndələri psixoloqa, həkimə və ya vəkilə sual ünvanlayanda həmin insanın beynində dərhal fəallıq yaranır ki, sualın düzgün və dolğun cavabını versin. Sizin peşəkarlığınız da qısa zamanda mövzunun əsas məqamını tapmaq, onu başlığa çevirmək və sualın mahiyyətini ortaya çıxarmaq bacarığınızdan irəli gəlir. Bu proses insan beynini daha çox düşünməyə sövq edir. Necə ki, ürəkdə damar tutulanda stent qoyulur, insan beyni də düşünmək üçün yaradılıb və məhz düşünərək inkişaf edir. Keçmişdə emosional zəkası yüksək olan uşaqlar məktəbdə də fərqlənirdilər. Onlar mətni sadəcə əzbərləyib danışmır, öz düşüncələrini də əlavə edirdilər. Kitabı olduğu kimi əzbərləyən insanlar yüksək bal toplasalar belə, bu hər zaman yaradıcı düşüncə demək olmur. Mən 300-350 bal toplayan abituriyentlər görmüşəm ki, universitetdə çox fəal olublar, öz ixtisasları üzrə yeniliklər ortaya qoya biliblər. Bunun səbəbi onların beyinlərini daim düşünməyə sövq etmələri, yalnız əzbərlə kifayətlənməmələridir. Nəticədə daha düzgün və daha sağlam qərarlar verə bilirlər. Süni intellektin mənfi tərəflərindən biri də odur ki, insan bəzən düşünmə prosesini onun öhdəsinə buraxır”.

Psixoloqun fikrinə əsasən, süni intellektlə müntəzəm ünsiyyətin müsbət cəhətləri də var:

“Yeni bilik və bacarıqların daha sürətli öyrənilməsinə, məlumatların sistemləşdirilməsinə, planlaşdırmaya və problem həll etməyə kömək edir. Bir mövzunun əsas məqamlarını qısa zamanda toplamağa və qərarvermə prosesini asanlaşdırmağa dəstək verir. Amma bütün bunlardan sonra insan yenə də öz düşüncəsini işə salmalı, mövzunu daha geniş və çoxşaxəli şəkildə analiz etməlidir. Ona görə də ən sağlam yanaşma süni intellektdən məsləhətçi və köməkçi vasitə kimi istifadə etməkdir. O, real münasibətlərin, şəxsi təcrübənin və insan düşüncəsinin əvəzi ola bilməz. Kömək etsə belə, əldə olunan məlumatı insan öz düşüncəsi ilə genişləndirməlidir. Bu baxımdan, süni intellektdən istifadə edərkən real ünsiyyətdən uzaqlaşmamaq vacibdir. Xüsusilə uşaqlarda maraq oyatmaq üçün “gəlin birlikdə araşdıraq, birlikdə öyrənək” prinsipi ilə istifadə etmək faydalı ola bilər. Ancaq bunu vərdiş halına gətirmək düzgün deyil. Əsas məqsəd insanın öz düşünmə bacarığını inkişaf etdirməkdir. Bunun üçün isə hər bir insan emosional zəkası üzərində işləməli, düşünmə qabiliyyətini daim inkişaf etdirməlidir”.

Fidan Hacızadə

D
demokrat.az