Sosial Özəl

"İnternet şagirdlər üçün risk yaratmır" — Ekspert

İnternet şagirdlər üçün risk yaratmır — Ekspert

Azərbaycanda məktəblərin rəqəmsal infrastrukturu sürətlə yenilənir. Hazırda ölkədəki məktəblərin 63 faizi genişzolaqlı internetlə təmin olunub. Bu rəqəm şagirdlərin 82 faizinin sürətli internetə çıxışının olması deməkdir. Müqayisə üçün bildirək ki, 2020-ci ildə cəmi 171 təhsil müəssisəsində belə imkan var idi. İndi isə genişzolaqlı internetə qoşulan məktəblərin sayı 2 857-yə çatıb. Təhsil rəsmiləri rəqəmsallaşmanın əsas hədəfinin şagirdlərə bərabər öyrənmə imkanı yaratmaq olduğunu bildirirlər.

Məktəblərdə internetin əlçatanlığının artırılması şagirdlər üçün hansı riskləri yarada bilər? Onların internetdən yalnız dərs məqsədilə istifadə etməsini təmin etmək üçün hansı nəzarət mexanizmləri tətbiq oluna bilər?

Demokrat.az-a məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, hal-hazırkı vəziyyətdə tədris prosesində həm süni zəkadan, həm də rəqəmsal texnologiyaların təqdim etdiyi imkanlardan istifadə etməklə şagirdlərin inkişafına və ümumilikdə təhsil prosesinin müsbət istiqamətdə dəyişməsinə səbəb olacaq qərarlar qəbul edilməlidir:

“Hazırda Nazirlik tərəfindən bu istiqamətdə tender elan olunub və məqsəd süni zəkanın tədris prosesinə tətbiq edilməsidir. Lakin bu prosesin uğurlu həyata keçirilməsi üçün internet əlçatanlığının təmin olunması vacib şərtdir. Həm paytaxtda, həm də regionlarda yüksəksürətli internetə çıxışın təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görülməlidir. Bu tədbirlər çərçivəsində bölgələrdə fiber-optik xətlərin çəkilməsi, tədris otaqlarının müasir innovativ əsaslarla qurulması, ağıllı lövhələrin və digər texnoloji vasitələrin tətbiqi nəzərdə tutulur. Bütün bunlar tədris prosesinin keyfiyyətini daha da artırmağa xidmət edəcək”.

Ekspert qeyd edib ki, məktəblərdə internet əlçatanlığının artırılmasının şagirdlər üçün hansısa risk yaradacağı fikri ilə isə razı deyilik:

“Çünki internetdən istifadə yalnız tədris müddətində və tədris mühitində nəzərdə tutulur. Dərs başa çatdıqdan və şagird evə getdikdən sonra məktəb tərəfindən təmin edilən internetdən istifadə imkanı olmur. Məqsəd odur ki, şagird dərs zamanı internetdən istifadə edərək interaktiv tədris prosesində iştirak etsin, süni zəkanın təqdim etdiyi imkanlardan faydalansın. Eyni zamanda müəllimlər də qiymətləndirmə prosesində süni zəkadan istifadə edə, məlumatları daha çevik şəkildə həm təhsil müəssisəsinə, həm Rəqəmsal Məktəb platformasına, həm də valideynlərə çatdıra bilsinlər. Bunun üçün isə yüksəksürətli internetin və internet əlçatanlığının təmin olunması vacib və mühüm əhəmiyyət kəsb edir”.

Fidan Hacızadə

D
demokrat.az