Sosial media Özəl

Rəqəmsal platformalar beynimizi necə yuyur? — Açıqlama

Rəqəmsal platformalar beynimizi necə yuyur? — Açıqlama

Sosial şəbəkələr artıq təkcə insanların ünsiyyət qurduğu platformalar deyil. Bu gün onlar xəbərlərin yayılma sürətini müəyyənləşdirən, ictimai müzakirələri istiqamətləndirən və gündəmi formalaşdıran əsas məkanlardan birinə çevrilib. Bəs sosial şəbəkələr doğrudanmı ictimai rəyə təsir edir, yoxsa sadəcə cəmiyyətdə onsuz da mövcud olan fikirləri görünən edir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sosioloq Mətanət Məmmədova bildirib ki, rəqəmsal platformalar inkişaf etdikcə və genişləndikcə insanları daha çox cəlb edir və onlar burada öz fikirlərini daha açıq şəkildə ifadə edirlər.

“Sosial şəbəkələr insanların fikirlərini sərbəst ifadə etdiyi əsas platformalardan birinə çevrilib. Məsələn, real həyatda hər hansı bir toplantıda və ya dostlarımızla görüşdə müəyyən məsələ müzakirə olunarkən rəqəmsal platformalarda olduğu qədər fikirlərimizi ifadə edə bilmirik. Bəzən utancaqlıq hissi, bəzən özünü ifadə etməkdə çətinlik, bəzən isə müxtəlif səbəblərdən çəkinmək buna mane olur. Ancaq sosial platformalarda insanlar bir-birinin üzünü görmədiyi üçün fikirlərini daha rahat və açıq şəkildə ifadə etmək imkanı qazanırlar.

Lakin insanların fikirlərini açıq şəkildə ifadə etməsi, paylaşılan şəkillərə, fotolara, videolara və yazılara rəy bildirməsi o demək deyil ki, rəqəmsal platformalar bütün cəmiyyət üçün vahid ictimai rəy formalaşdırır. Bəli, onların ictimai rəyin formalaşmasında rolu böyükdür. Ancaq bu, bütün insan kateqoriyalarına aid deyil. Bildiyiniz kimi, cəmiyyətdə yaşına, təhsilinə, dünyagörüşünə və intellektual səviyyəsinə görə müxtəlif insanlar var. Elə paylaşımlar və rəylər olur ki, onlar müəyyən qruplara təsir etsə də, bütün cəmiyyətin ictimai rəyini formalaşdıra bilmir. Hər kəs hadisələrə öz biliyi, təhsili və dünyagörüşü çərçivəsində yanaşır.

Ancaq söhbət kütlədən gedirsə, bu halda sosial şəbəkələr müəyyən kütlə arasında ictimai rəy formalaşdıra bilir. Bəzən hansısa videonun altında insanların mövzunu tam başa düşmədən və ya dərindən təhlil etmədən bir-birinə bənzər rəylər yazdığını görürük. Bunun şahidi dəfələrlə olmuşam. Belə məqamlarda düşünürsən ki, fərqli mövqedə olan insanlar yoxdurmu? Əslində var. Sadəcə, həmin məqamda üstünlük təşkil edən fikir daha çox görünür. Buna görə də sosial şəbəkələr müəyyən kütlə daxilində ictimai rəy yarada bilir. Lakin bu təsiri bütün sosial qruplara şamil etmək düzgün olmaz.

Ümumilikdə isə rəqəmsal platformaların ictimai rəyə çox böyük təsiri var. Çünki bu gün demək olar ki, bütün insanlar sosial şəbəkələrdən istifadə edirlər. Eyni zamanda sosial şəbəkələr cəmiyyətin təhsil səviyyəsi, dünyagörüşü və müxtəlif məsələlərə münasibəti haqqında müəyyən təsəvvür yaradır. Burada statistik təhlillər aparmaq və insanların hansı mövzulara necə yanaşdığını müşahidə etmək mümkündür.

Hazırda rəqəmsal dövrdə yaşayırıq və internetsiz həyatı təsəvvür etmək çətindir. Hər gün sosial şəbəkələrdə fikir bildirir, hadisələrə münasibət göstərir, videolara baxır, yazılar oxuyur və fotolara baxırıq. Bununla da müəyyən mənada ictimai rəyin formalaşmasına təsir edirik. Çünki eyni düşüncə və dünyagörüşünə malik insanlar çox vaxt oxşar mövqedən çıxış edirlər. Fərqli fikir bildirənlər isə bəzən digər istifadəçilərin etirazı ilə qarşılaşırlar və bu da fikir ayrılıqlarına səbəb olur.

Bu baxımdan sosial şəbəkələrin ictimai rəyin formalaşmasında rolu böyükdür. Bu, ayrı-ayrı şəxslərdən deyil, yaşadığımız rəqəmsal dövrün xüsusiyyətlərindən irəli gəlir. Çünki bu gün insanların böyük əksəriyyəti sosial platformalardadır və orada aparılan müzakirələr ictimai rəyə təsir göstərir. Bununla belə, bu təsir bütün cəmiyyət üçün eyni səviyyədə deyil. Necə ki, real həyatda hər hansı bir məsələ ilə bağlı fərqli mövqelər mövcud olur, sosial şəbəkələrdə də ictimai rəy əsasən həmin müzakirədə iştirak edən və oxşar baxışları bölüşən insanlar arasında formalaşır”, - deyə sosioloq fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az